Aİ-nin qərarı Avropada mübahisə doğurdu
Britaniyanın “The Guardian” qəzeti xəbər verir ki, Avropa İttifaqının (Aİ) İsrailə qarşı sanksiyaları dayandırmaq qərarı həm Avropa siyasi dairələrində, həm də beynəlxalq ictimaiyyətdə ciddi etirazlara səbəb olub.
Qəzetin məlumatına görə, Brüsselin bu addımı ABŞ Prezidenti Donald Trampın Qəzzada atəşkəs razılaşmasını möhkəmləndirmək məqsədilə apardığı diplomatik təşəbbüslərə “siyasi dəstək jesti” kimi qiymətləndirilir.
Qərar, Lüksemburqda keçirilən Aİ Xarici İşlər Nazirləri Şurasının iclası zamanı qəbul edilib. Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas bəyan edib ki, “mövcud vəziyyət dəyişdiyi üçün” sanksiyaların tətbiqi müvəqqəti olaraq dondurulur.
“Bu, hüquqi məsuliyyətin pozulmasıdır”
Kallas bildirib ki, qərar sanksiyalardan tam imtina demək deyil, lakin “hazırkı vəziyyətin çox həssas olması” səbəbindən müzakirələrin təxirə salındığını qeyd edib.
Bu açıqlama bir çox keçmiş Avropa rəsmiləri tərəfindən kəskin tənqid olunub. Aİ-nin Fələstin ərazilərindəki keçmiş nümayəndəsi Sven Kühn von Burgsdorff qəzetə bildirib:
“Kaya Kallas məsuliyyət prinsipini yanlış anlayıb. Sanksiyalar yalnız siyasi təzyiq vasitəsi deyil, həm də beynəlxalq hüququ pozan tərəflərin cavabdehliyini təmin edən hüquqi alətdir.”
O xatırladıb ki, Aİ-nin iyun ayında qəbul etdiyi rəsmi hesabatda İsrailin insan haqları öhdəliklərini pozduğu və Beynəlxalq Ədalət Məhkəməsinin Təl-Əvivi “işğal etdiyi fələstin torpaqlarından dərhal çəkilməyə” çağırdığı açıq şəkildə qeyd olunmuşdu.
“Avropanın mənəvi və siyasi zəifliyi”
Aİ-nin keçmiş xarici siyasət müşaviri Natali Tuççi isə Brüsselin addımını “beynəlxalq nüfuz üçün zərbə” adlandırıb:
“Bu qərar Avropanın mənəvi və siyasi baxımdan nə qədər zəiflədiyini göstərir. Müharibə və soyqırım davam edərkən sanksiyalardan geri çəkilmək ən pis mesajdır.”
Tuççi vurğulayıb ki, Avropa bu addımla “beynəlxalq hüququn müdafiəçisi” imicinə ciddi zərbə vurur və İsrailin müharibə cinayətlərinə dolayısı ilə haqq qazandırır.
440 Avropa diplomatı etiraz bəyanatı imzalayıb
“The Guardian”ın məlumatına görə, ötən həftə 440 keçmiş Avropa diplomatı və rəsmi şəxs birgə bəyanat imzalayaraq, həm İsrail, həm də Fələstin tərəflərindəki radikal qruplara qarşı sərt tədbirlərin görülməsini tələb edib.
Onlar eyni zamanda Trampın Qəzza planını “bölgədə sülh üçün müsbət cəhd” kimi dəyərləndirsələr də, fələstinlilərin öz müqəddəratını təyin etmə hüququnun qeyri-müəyyən qalmasını tənqid ediblər.
Hüquq müdafiəçiləri Aİ-ni “tərəfkeşlikdə” ittiham edir
Bir çox Avropa hüquq təşkilatları Brüsseli “İsrailin Qəzzadakı soyqırımına dolayı dəstək verməkdə” günahlandırır. Onların fikrincə, Aİ-nin sanksiyaları dayandırması İsrailə beynəlxalq hüquqa zidd hərəkətlərini davam etdirmək üçün siyasi manevr imkanı yaradır.
Hüquq müdafiəçiləri Aİ-ni “Fələstin xalqına qarşı susqunluqla iştirak etməkdə” ittiham edir və atəşkəsin pozulmasına baxmayaraq real tədbirlərin görülməməsini “mənəvi iflas” kimi qiymətləndirirlər.