Aİ Rusiyadan enerji asılılığını bitirmək istəyir
Avropa İttifaqına (Aİ) üzv ölkələr 2028-ci ilin yanvarından etibarən Rusiyadan təbii qaz və mayeləşdirilmiş təbii qaz (LNG) idxalının tamamilə dayandırılmasını nəzərdə tutan plana dəstək veriblər. Bu qərar Aİ-nin Lüksemburqda keçirilən enerji nazirləri toplantısında razılaşdırılıb.
Aİ Şurasının açıqlamasında bildirilir ki, üzv ölkələr Rusiyadan qaz idxalının mərhələli şəkildə dayandırılmasına dair yeni hüquqi çərçivə üzərində razılığa gəliblər. Hazırlanmış layihə üzrə Avropa Parlamenti (AP) ilə danışıqlar aparılacaq və razılaşma əldə edildikdən sonra qərar qüvvəyə minəcək.
2028-ci ildən tam qadağa
Açıqlamada qeyd olunur ki, qəbul ediləcək yeni qaydalar Rusiyadan həm boru xətti ilə, həm də LNG şəklində qaz idxalını qanunla məhdudlaşdıracaq. Plan çərçivəsində 1 yanvar 2028-dən etibarən Rus qazına tam qadağa tətbiq ediləcək.
Mərhələli keçid planına əsasən:
-
1 yanvar 2026-dan etibarən yeni müqavilələrin bağlanması qadağan ediləcək,
-
17 iyun 2026-dan mövcud qısamüddətli müqavilələr ləğv olunacaq,
-
1 yanvar 2028-dən isə uzunmüddətli müqavilələr tamamilə dayandırılacaq.
Aİ Şurası əlavə edib ki, bəzi hallarda, xüsusilə dənizə çıxışı olmayan və qaz tədarükündə çətinlik çəkən üzv ölkələr üçün məhdud sayda istisna tətbiq oluna bilər.
Rusiya qazından asılılıq sürətlə azalır
2021-ci ildə Avropa İttifaqı istifadə etdiyi qazın təxminən 45 faizini Rusiyadan idxal edirdi. Lakin Ukrayna müharibəsindən sonra bu asılılıq kəskin şəkildə azalıb və ötən il bu göstərici 19 faizə qədər enib.
Bununla belə, bəzi Aİ ölkələri hələ də Rusiyadan həm boru xətti ilə, həm də LNG şəklində qaz alır. Yeni plan qəbul olunduqdan sonra bu asılılığın tamamilə aradan qaldırılması nəzərdə tutulur.
Enerji təhlükəsizliyinin yeni mərhələsi
Avropa İttifaqı enerji təhlükəsizliyini artırmaq və təchizatın şaxələndirilməsi məqsədilə Norveç, ABŞ, Azərbaycan və Şimali Afrika ölkələrindən qaz idxalını artırmaq istiqamətində danışıqları genişləndirib.
Mütəxəssislər hesab edirlər ki, 2028-ci ildən sonra Aİ-nin enerji bazarında Rusiya qazının payı sıfıra enəcək və bu, regionun enerji müstəqilliyi baxımından yeni mərhələnin başlanğıcı olacaq.