Asiyada yarımkeçirici ilə bağlı şirkətlərin səhmləri, ABŞ Prezidenti Donald Trampın çip idxalına 100 %-lik vergi tətbiq ediləcəyini açıqlamasının ardından qarışıq hərəkət nümayiş etdirib.
Yeni qaydaya görə, yalnız ABŞ-da istehsal edən şirkətlər bu tətbiqdən azad olunacaq.
Yaponiyanın “Tokyo Electron” şirkətinin səhmləri əvvəlcə 5 %-dən çox ucuzlaşsa da, sonradan itkilərinin bir hissəsini geri qaytararaq Tokio vaxtı ilə saat 11:20-də 2,9 % azalma ilə ticarət olunub. Digər Yapon çip şirkətləri də oxşar şəkildə dəyər itirib: Renesas Electronics səhmləri açılışda 4 %, Advantest isə 3,3 % geriləyib.
Əksinə, Cənubi Koreyanın nəhəng çip istehsalçıları Samsung və SK Hynix bu tarifdən azad edilib. Cənubi Koreyanın yüksək vəzifəli ticarət rəsmisi Yeo Han-ku radio açıqlamasında bu şirkətlərin istisna tutulduğunu təsdiqləyib. SK Hynix səhmləri ilk mərhələdə 3 %-dən çox dəyər itirsə də, sonradan toparlanıb.
Samsung Electronics səhmləri isə əks tendensiya göstərərək 2,47 % bahalaşıb. ABŞ-ın “Apple” şirkəti Çərşənbə günü bəyan edib ki, iPhone da daxil olmaqla cihazlarında Samsung-un Texasdakı zavodunda istehsal olunan çiplərdən istifadə olunacaq.
Dünyanın ən böyük çip istehsalçısı Taiwan Semiconductor Manufacturing Company (TSMC) isə 4 %-dən çox dəyər qazanıb. Şirkət son dövrlərdə ABŞ-da iri yatırımlar etdiyini açıqlamışdı. Bunlara Arizona ştatında üç zavod tikintisi üçün planlaşdırılan 65 milyard dollarlıq ilkin sərmayə və 2025-ci ilin martında elan edilən əlavə 100 milyard dollarlıq ABŞ yatırımı daxildir.