“Axios”: Trampın planı ABŞ iqtisadiyyatına ağır təsir göstərə bilər
“Axios” portalının məlumatına görə, Vaşinqtonda yerləşən Milli Amerika Siyasəti İnstitutunun (National Foundation for American Policy – NFAP) hazırladığı yeni tədqiqat Donald Trampın sərt miqrasiya siyasətinin ABŞ əmək bazarına ciddi mənfi təsirlər göstərəcəyini ortaya qoyub.
Araşdırmaya əsasən, Trampın planı həyata keçərsə, 2028-ci ilə qədər ABŞ-da təxminən 6,8 milyon, 2035-ci ilə qədər isə 15,7 milyon işçi azalacaq. Bu azalma, institutun fikrincə, ölkədə iqtisadi artımın zəifləməsinə, məhsul istehsalında geriləməyə və demoqrafik tarazlığın pozulmasına gətirib çıxaracaq.
İqtisadi artımın ləngiməsi və işçi çatışmazlığı riski
NFAP hesabatında qeyd olunur ki, miqrasiya axınının azalması səhiyyə, kənd təsərrüfatı və enerji sektorlarında ciddi işçi çatışmazlığı yaradacaq. Yaşlı əhalinin artması isə bu sahələrdə yeni işçi cəlbini daha da çətinləşdirəcək.
Tədqiqat göstərir ki, ABŞ əmək bazarına daxil olacaq yeni nəsil işçilər yaranacaq boşluqları tam kompensasiya edə bilməyəcək. Miqrasiyanın məhdudlaşdırılması nəticəsində 2028-ci ilə qədər 4 milyon, 2035-ci ilə qədər isə ümumilikdə 15,7 milyon nəfərlik itki baş verə bilər.
Rəqəmlərlə proqnoz: 2035-ci ilə qədər hər 3 işçidən biri itə bilər
Hesabata görə, qanuni miqrasiyaya qoyulan məhdudiyyətlər nəticəsində yaranacaq yeni işçi qüvvəsinin sayı təxminən 2,8 milyon olacaq ki, bu da ümumi itkini yalnız qismən kompensasiya edə biləcək. Yəni 2035-ci ilə qədər ABŞ əmək qüvvəsinin üçdə biri itirilə bilər.
NFAP xəbərdarlıq edir ki, əgər hər il təxminən 1 milyon insan deportasiya edilərsə, bu proses əmək bazarına tədqiqatın göstərdiyindən daha böyük zərbə vuracaq.
Ağ Ev fərqli mövqedədir
Ağ Evin sözçüsü Abigeil Cekson isə fərqli fikirdə çıxış edib. Onun sözlərinə görə, “Trampın iqtisadi gündəliyi ABŞ-ın daxili potensialını hərəkətə gətirməyi və yerli işçi qüvvəsini canlandırmağı hədəfləyir”.
Cekson bildirib ki, ABŞ-da “gənc əhalinin 10 faizdən çoxu nə işləyir, nə də təhsil və ya peşə hazırlığı alır”, buna görə də “ölkədə kifayət qədər insan resursu mövcuddur”.
Artan federal borc və zəifləyən ÜDM
NFAP-ın qiymətləndirməsinə əsasən, sərt miqrasiya siyasəti nəticəsində ABŞ-ın ümumi daxili məhsulunun (ÜDM) illik artım tempi 2025–2035-ci illər arasında təxminən 0,5 faiz bəndi azalacaq. Bu da uzunmüddətli perspektivdə federal borcun artmasına gətirib çıxaracaq.
İnstitut tədqiqatı apararkən ABŞ Konqresinin Büdcə Ofisinin rəsmi statistik məlumatlarına əsaslanıb.