Almaniyada Quş Qripi Səbəbindən 400 Min Quş Məhv Edildi

2 Dəq Oxuma Müddəti

Almaniyada quş qripi böhranı dərinləşir

Almaniyada quş qripi (H5N1) virusunun yayılması nəticəsində bu günə qədər 400 mindən çox ev quşu məhv edilib. Bu barədə ölkənin aparıcı baytarlıq araşdırma mərkəzi olan Fridrix Löffler İnstitutu (FLI) məlumat yayıb.

Mütəxəssislər bildirirlər ki, 2025-ci ildə müşahidə olunan yoluxma hallarının sayı 2021-ci ildə yaşanan ən ağır epidemiyadan geri qalmır. İnstitut vəziyyətin necə inkişaf edəcəyini əvvəlcədən təxmin etməyin çətin olduğunu vurğulayıb.

Ən çox itki şimal-şərq bölgələrindədir

İndiyədək 30 fermanın təsirləndiyi, Mecklenburg–Qərbi PomeraniyaBrandenburq əyalətlərində isə vəziyyətin daha ağır olduğu qeyd olunub. Bu bölgələrdə yüz minlərlə toyuq, qaz, ördək və hind quşu xəstəlik səbəbindən məhv edilib.

Brandenburq əyalətinin Märkiş-Oderland bölgəsi yaxın günlərdə əlavə olaraq 130 min quşun daha məhv ediləcəyini açıqlayıb. Daha əvvəl həmin bölgədə 150 min quş xəstəlik səbəbindən aradan götürülmüşdü.

Təbiətdə də ciddi itkilər qeydə alınıb

Rəsmilər bildiriblər ki, Brandenburqun şimal-qərbində yerləşən Linumer Teichland bölgəsində turna quşlarının kütləvi ölümü baş verib. Mütəxəssislər hesab edirlər ki, virus vəhşi quşlar vasitəsilə ölkənin digər hissələrinə də yayılmaqdadır.

Tarixdəki ən böyük itkilərdən biri

Almaniyada quş qripi əvvəllər də böyük itkilərə səbəb olub. 2020–2021-ci illərin qışında ölkə üzrə 2 milyondan artıq ev quşu eyni xəstəlik üzündən məhv edilmişdi.

FLI fermerlərə sanitar qaydalara ciddi əməl etməyi, təsərrüfatlara giriş-çıxışları məhdudlaşdırmağı və bütün şübhəli halları dərhal baytarlıq orqanlarına bildirməyi tövsiyə edir.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş