Almaniya Rekord Hərbi Alışa Hazırlaşır: Müdafiə Büdcəsindən 2,9 Milyard Avro Silahlanmaya Ayrılır

2 Dəq Oxuma Müddəti

Almaniya müdafiə büdcəsi çərçivəsində 2,9 milyard avroluq silahlanma paketi hazırlayır

Almaniya parlamenti gələn həftə qapalı iclasda müdafiə nazirliyinin təqdim etdiyi 2,9 milyard avro dəyərində 11 hərbi satınalma müqaviləsini təsdiqləməyə hazırlaşır. Paketə pilotsuz uçuş aparatları, hücum tüfəngləri, raket sistemləri və onlarla digər hərbi texnika daxildir.

“Bloomberg”in əldə etdiyi sənədlərə əsasən, paket çərçivəsində sifarişlərin böyük hissəsi yerli istehsalçılara veriləcək.

250 min ədəd G95 hücum tüfəngi və milyardlarla avroluq digər sifarişlər

Müdafiə Nazirliyi parlamentdən bir neçə iri sifarişin təsdiqini istəyib. Ən böyük satınalmalardan biri:

  • “Heckler & Koch” şirkətindən 250 min ədəd G95 hücum tüfəngi765 milyon avro.

Sənədlərə əsasən, digər böyük müqavilələr bunlardır:

  • “Rheinmetall Soldier Electronics” şirkətindən 250 min ədəd lazer nişangahı — 490 milyon avro;

  • “Mercedes-Benz” istehsalı 1744 ədəd hərbi yolsuzluq avtomobili — 379 milyon avro;

  • Rheinmetall Electronics, 3M Germany və CeoTronics AG koalisiyasından 191 min ədəd hərbi qulaqcıq — 346 milyon avro;

  • Münhendə yerləşən Quantum Systems şirkətindən 750 ədəd taktiki kəşfiyyat dronu — 85 milyon avro.

Satınalmaların böyük hissəsi Almaniyanın ən iri müdafiə sənayesi şirkətlərinə gedir: Rheinmetall AG, Heckler & Koch, Daimler Benz AG, həmçinin yerli dron istehsalçıları Quantum SystemsHelsing.

Almaniya ordusunun modernləşdirilməsi: 2022-dən başlayan dönüş

2022-ci ildə Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatından sonra Berlin ordu quruculuğunda tarixi dönüş edib. Kansler Fridrix Merts və müdafiə naziri Boris Pistorius “Bundesver”i Avropanın ən böyük klassik ordusu səviyyəsinə yüksəltməyi qarşılarına məqsəd qoyublar. Bu məqsədlə yüz milyardlarla avro həcmində investisiya ayrılıb.

Almaniya yeni silahlı pilotsuz aparatlara, peyk sistemlərinə və süni intellektlə dəstəklənən müdafiə texnologiyalarına ciddi vəsait yönəldir.

NATO-nun şərq cinahı üçün süni intellekt platforması da yaradılacaq

Sənədlər göstərir ki, bu dəfə ənənəvi satınalma modelindən fərqli olaraq Müdafiə Nazirliyi süni intellekt əsaslı monitorinq platformasının hazırlanması üçün iki rəqib konsorsiuma eyni vaxtda 68 milyon avroluq inkişaf müqaviləsi verməyə hazırlaşır. Platforma NATO-nun şərq cinahında, xüsusən də Litvada aparılacaq müşahidə üçün nəzərdə tutulur.

Bu təşəbbüs Almaniyanın bölgədə daimi zirehli briqada yerləşdirmək planlarının tərkib hissəsidir və Rusiyadan gələn təhlükələrə qarşı deterent xəttinin gücləndirilməsi ilə bağlıdır.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş