Almaniya Qatil İsraildən Qərb Sahilində Məskunlaşmanı Dayandırmağı Tələb Etdi

3 Dəq Oxuma Müddəti

Almaniyadan İsrailə sərt çağırış: Qərb Sahilində məskunlaşma dayandırılmalıdır

Almaniya İsrail hökumətinə işğal altındakı Qərb Sahilində yeni yaşayış məntəqələrinin salınması ilə bağlı qərarını dərhal dayandırmaq çağırışı edib. Bu barədə Almaniya Xarici İşlər Nazirliyi İsrailin Mülki Administrasiyasına tabe olan Ali Planlaşdırma Şurasının Qərb Sahilində 764 yeni yaşayış vahidinin tikintisinə dair planları təsdiqləməsinə münasibət bildirərək yazılı açıqlama yayıb.

Açıqlamada İsrailin qərarı kəskin tənqid olunub və vurğulanıb ki, Berlin bu cür addımları qəti şəkildə rədd edir. “Sionist rejim hökumətini yaşayış məntəqələrinin inşasını dərhal dayandırmağa çağırırıq və məskunlaşmanın genişləndirilməsi, eləcə də digər tədbirlər yolu ilə həyata keçirilən həm rəsmi, həm də faktiki ilhaqı qətiyyən qəbul etmirik”, – deyə bəyanatda qeyd olunub.

“Yeni rekord” və artan narahatlıq

Almaniya Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib ki, İsrail təkcə bu il ərzində təxminən 30 min yeni yaşayış vahidinin tikintisini təsdiqləyib. Bu rəqəm “yeni rekord” kimi qiymətləndirilib və ciddi narahatlıq mənbəyi olduğu vurğulanıb.

Nazirlik qanunsuz məskunlaşma siyasətinin yalnız beynəlxalq hüququ pozmadığını, eyni zamanda Beynəlxalq Ədalət Məhkəməsinin tələb etdiyi iki dövlətli həll yolunu da faktiki olaraq mümkünsüz etdiyini bəyan edib. Qeyd olunub ki, bu cür addımlar bölgədə sülh perspektivlərinə ciddi zərbə vurur.

1967-ci il sərhədlərinə münasibət

Açıqlamada Almaniyanın mövqeyi bir daha xatırladılıb. Bildirilib ki, Berlin 4 iyun 1967-ci il tarixli sərhədlərdə hər hansı dəyişiklikləri yalnız münaqişə tərəfləri tərəfindən qarşılıqlı razılaşdırıldığı halda tanıyacaq. Bu mövqe Almaniyanın beynəlxalq hüquqa və BMT qətnamələrinə əsaslanan siyasətinin tərkib hissəsi kimi təqdim olunub.

Qərb Sahilində vəziyyət

Məlumata görə, hazırda Qərb Sahilində fələstin torpaqları hesabına salınmış 365 qanunsuz yəhudi yaşayış məntəqəsi mövcuddur. Qərb Sahilinin cənubunda yerləşən “Kefar Atsiyon” yaşayış məntəqəsi İsrailin 1967-ci ildə Qərb Sahili və Şərqi Qüdsü işğal etməsindən dərhal sonra salındığı üçün ilk yəhudi yaşayış məntəqəsi hesab olunur. Sonrakı illərdə isə bölgədə yüzlərlə qanunsuz məskunlaşma yaradılıb.

İsrailli “Peace Now” (İndi Sülh) vətəndaş cəmiyyətinin 2024-cü il məlumatlarına əsasən, Şərqi Qüds istisna olmaqla, işğal altındakı Qərb Sahilində təxminən 3 milyon fələstinli yaşayır, israilli məskunlaşanların sayı isə 500 mini keçib.

İsrail hökumətinin 11 dekabrda təsdiqlədiyi 19 yaşayış məntəqəsindən əlavə, işğal edilmiş Fələstin torpaqlarında 141 qanunsuz yaşayış məntəqəsi, eləcə də ifrat sağçı yəhudi qrupların saldığı və İsrail qanunvericiliyinə görə də qanunsuz sayılan 224 məntəqə mövcuddur. Bununla da Qərb Sahilində ümumilikdə 365 qanunsuz yəhudi yaşayış məntəqəsi qeydə alınır.

Beynəlxalq hüquqa əsasən, İsrailin işğal etdiyi ərazilərdə yaşayış məntəqələri salması və öz əhalisini bu torpaqlara köçürməsi qanunsuz hesab olunur.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş