Aktau faciəsi: hadisə necə baş vermişdi?
Bu gün “Azərbaycan Hava Yolları” QSC-yə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasından bir il tamam olur. 2024-cü il dekabrın 25-də “J2-8243” nömrəli Bakı–Qroznı reysini yerinə yetirən təyyarə fövqəladə eniş zərurəti ilə Aktau istiqamətinə yönəldilmiş və şəhərdən təxminən 3 kilometr aralıda qəzaya uğramışdı.
Təyyarədə 5 ekipaj üzvü və 62 sərnişin olmaqla ümumilikdə 67 nəfər olub. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər isə sağ qalıb. Hadisə Azərbaycan cəmiyyətində dərin sarsıntı yaradıb və beynəlxalq miqyasda ciddi rezonans doğurub.
İstintaq və Araşdırmalar
Qəza xəbəri Rusiya Federasiyasına səfər edən İlham Əliyevə hava məkanında olarkən çatdırılıb. Həmin gün İlham Əliyevin sərəncamı ilə Baş nazir Əli Əsədovun rəhbərliyi altında Dövlət Komissiyası yaradılıb.
Qəzanın araşdırılması üçün yüksək vəzifəli dövlət rəsmiləri və aidiyyəti qurumların nümayəndələri Aktauya ezam olunub. İlkin araşdırmalar təyyarənin Qroznı yaxınlığında Rusiyanın “Pantsir-S” hava hücumundan müdafiə sistemi tərəfindən kənar fiziki-texniki müdaxiləyə məruz qaldığını göstərib.
Azərbaycanın qəti mövqeyi və Rusiyanın üzr istəməsi
Azərbaycan tərəfi hadisədən dərhal sonra Rusiyadan üzr istənilməsini, məsul şəxslərin cəzalandırılmasını və zərərin ödənilməsini tələb edib. Rusiya tərəfi əvvəlcə müxtəlif iddialarla məsuliyyətdən yayınmağa çalışsa da, təkzibedilməz sübutlar və Azərbaycanın prinsipial mövqeyi nəticəsində Rusiya Prezidenti Vladimir Putin dekabrın 28-də Prezident İlham Əliyevdən üzr istəyib.
Qəhrəman ekipaj və dövlət qayğısı
Pilotların və ekipaj üzvlərinin peşəkarlığı nəticəsində onlarla sərnişin sağ qalmağı bacarıb. İlham Əliyevin sərəncamı ilə qəza zamanı xüsusi şücaət göstərən ekipaj üzvləri yüksək dövlət mükafatlarına layiq görülüb. Həlak olan ekipaj üzvləri II Fəxri xiyabanda dəfn edilib.
Eyni zamanda, həlak olanların kredit öhdəlikləri tam silinib, ailələrinə sosial və maddi dəstək göstərilib.
Qazaxıstanın dəstəyi və beynəlxalq əməkdaşlıq
Qəzanın ilk anlarından Qazaxıstan dövləti xilasetmə və tibbi yardım tədbirlərini səfərbər edib. Hadisənin araşdırılması üçün yaradılan komissiya Beynəlxalq Mülki Aviasiya Təşkilatı ilə əməkdaşlıq edir. Yekun hesabatın 2025-ci ilin sonuna qədər açıqlanacağı bildirilir.
Bir il keçməsinə baxmayaraq, Aktau faciəsi Azərbaycan dövlətinin və xalqının yaddaşında yaşayır, məsələ daim diqqət mərkəzində saxlanılır.
