az.rasthaber.com – Avropa İttifaqının (Aİ) 27 keçmiş səfirindən ibarət bir qrup Qəzzada beynəlxalq hüququn ciddi şəkildə pozulduğunu bildirərək, Aİ-ni İsraillə Tərəfdaşlıq Sazişini dayandırmağa çağırıb. Bu məsələ ilə bağlı 15 iyulda səsvermə keçiriləcək.
Brüsseldə yerləşən EUobserver xəbər saytının yaydığı məktubda, daha əvvəl Yaxın Şərq və Şimali Afrikada çalışmış 27 sabiq Aİ diplomatının, 7 oktyabr 2023-dən bəri İsrailin Qəzzadakı hücumlarına Birliyin konkret reaksiya verməməsindən dərin narahatlıq keçirdikləri qeyd olunub.
Səfirlər vurğulayıblar ki, İsrailin hərbi müdaxiləsi “seçicisiz və tamamilə qeyri-mütənasib” olub, nəticədə on minlərlə fələstinli mülki şəxs həyatını itirib, Qəzzadakı infrastruktur isə ciddi dağıntıya məruz qalıb.
Onlar Aİ-nin İsrailin Qərbi Şəriyadakı qanunsuz işğalına, işğal altındakı fələstin torpaqlarını mənimsəyən yəhudi köçkünlərin zorakılığına və beynəlxalq hüquqa zidd davam edən ilhaqa qarşı ciddi addım atmaqda “istəksizliyinə” diqqət çəkiblər. Aİ-nin Xarici Siyasət üzrə ali nümayəndəsi Kaja Kallasın da bildirdiyi kimi, Tel-Əvivin Qəzzada beynəlxalq hüququ pozmasının nəticələrinə görə məsuliyyət daşımalı olduğunu xatırladıblar.
Diplomatlar Aİ-ni İsraillə Tərəfdaşlıq Sazişi çərçivəsində davam etdirilən ticarət və elmi əlaqələri dayandırmağa çağırıblar.
Məktubda deyilir:
“Əgər heç bir tədbir görülməsə, bu, Aİ-nin bölgədə və ümumilikdə xarici siyasətdə onsuz da zədələnmiş nüfuzunu daha da sarsıdacaq. Rusiya–Ukrayna müharibəsinə dair prinsipial və açıq mövqeyinə görə Aİ, ikili standartlarla bağlı ciddi tənqidlərə məruz qalıb.”
Qeyd olunur ki, Niderlandın tələbi ilə Aİ İsraillə Tərəfdaşlıq Sazişinin ikinci maddəsi – tərəflərin insan haqlarına və beynəlxalq hüquqa riayət etməsi öhdəliyi – üzrə araşdırma aparıb və Tel-Əvivin bu müddəanı pozduğu nəticəsinə gəlib.
Aİ ölkələrinin xarici işlər nazirləri 15 iyulda Brüsseldə bir araya gələrək növbəti addımları müzakirə edəcəklər. Anlaşmanın tamamilə dayandırılması üçün isə yekdillik şərtdir.