Avropa İttifaqı (Aİ) İranın İslam İnqilabı Keşikçiləri Korpusunu “terror təşkilatı” elan edib. Qərarla bağlı Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas X sosial şəbəkə hesabında açıqlama yayıb. İran tərəfindən isə qərara dərhal reaksiya verilib və bu addım “məsuliyyətsiz və pis niyyətli” kimi qiymətləndirilib.
Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas bildirib ki, Aİ-yə üzv ölkələrin xarici işlər nazirləri İranın İslam İnqilabı Keşikçiləri Ordusunun “terror təşkilatları” siyahısına salınması barədə razılığa gəliblər.
Kallas paylaşımında “Aİ xarici işlər nazirləri İran İslam İnqilabı Keşikçilərini terror təşkilatı kimi tanımaq istiqamətində qətiyyətli addım atdı” ifadələrinə yer verib.
Qərar Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin iclasından sonra açıqlanıb. Kallas X platformasında paylaşdığı başqa bir mesajda isə “Təzyiq cavabsız qala bilməz” deyə qeyd edib.
Brüsseldə keçirilən Aİ Xarici İşlər Nazirləri Toplantısı ərəfəsində açıqlama verən Kallas, İnqilab Keşikçilərinin terror siyahısına salınması ilə bağlı “Bu addım onları Əl-Qaidə, Həmas və İŞİD ilə eyni mövqeyə gətirəcək. Əgər terrorçu kimi davranırsınızsa, terrorçu kimi də rəftar görməlisiniz” demişdi.
Qeyd edək ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu 2019-cu ildə ABŞ tərəfindən “xarici terror təşkilatları” siyahısına daxil edilmişdi.
İrandan cavab: Məntiqsiz və pis niyyətlidir
İran Silahlı Qüvvələrinin Baş Qərargahı, İran ordusunun tərkib hissəsi olan İslam İnqilabı Keşikçiləri Korpusunun Avropa İttifaqı tərəfindən “terror təşkilatı” kimi tanınması ilə bağlı bəyanat yayıb.
Bəyanatda Aİ-nin bu qərarı “məntiqsiz, məsuliyyətsiz və pis niyyətli” adlandırılıb. Eyni zamanda vurğulanıb ki, sözügedən addım “ABŞ və sionist (İsrail) rejiminin hegemon və qeyri-insani siyasətlərinə qeyd-şərtsiz tabe olunaraq” atılıb.
