Aİ-dən Rusiyaya Çağırış: “Müharibəni Dayandır Və Masaya Otur”

2 Dəq Oxuma Müddəti

Aİ-dən Rusiyaya sərt xəbərdarlıq: “Bu müharibə qazanıla bilməz”

Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas Rusiyanı Ukraynaya qarşı apardığı müharibəni dayandırmağa və danışıqlar masasına oturmağa çağırıb.

Avropa Parlamentinin yay fasiləsindən sonrakı ilk iclasında çıxış edən Kallas bildirib ki, son aylarda beynəlxalq səylər müharibənin sona çatdırılması istiqamətində sürətlənsə də, Moskva daha aqressiv addımlar atıb.

“Putin sülhlə maraqlanmır”

Kallasın sözlərinə görə, Rusiya son günlərdə indiyədək ən böyük hava hücumunu həyata keçirib:
“(Rusiya Prezidenti Vladimir) Putin sülhə maraq göstərmir və məcbur qalmadıqca bu müharibəni dayandırmayacaq.”

Aİ rəsmisi qeyd edib ki, müharibənin əvvəlindən bu yana Ukraynaya təxminən 169 milyard avro dəstək göstərilib. Bunun 63 milyarddan çoxu hərbi yardım təşkil edir. Təkcə 2024-cü ildə 25 milyard avro əlavə vəsait ayrılıb. Kallas vurğulayıb ki, Aİ bu ilin sonuna qədər 2 milyon mərmi hədəfinə çatmaq niyyətindədir.

“Rusiyanın yenidən silahlanmasına imkan verilməməlidir”

Kallas bildirib ki, Rusiyaya açıq mesajları budur: “Bu müharibə qazanıla bilməz. Savaş meydanını tərk edin və Ukrayna ilə danışıqlara başlayın.”

O əlavə edib ki, barış əldə edildikdən sonra Rusiyanın yenidən silahlanmasına və yeni hücumlara hazırlaşmasına şərait yaradılmamalıdır. Kallas Qərbin Ukraynaya təhlükəsizlik təminatları verməkdə qətiyyətli olduğunu vurğulayıb:
“Gönüllülər Koalisiyasının masasında artıq ciddi öhdəliklər var.”

Paris görüşündən sonra gərginlik

Aİ rəsmisi xatırladıb ki, Putin sentyabrın 4-də Parisdə keçirilən Gönüllülər Koalisiyasının toplantısından bir gün sonra “sülhməramlılar da daxil olmaqla bütün Qərb qüvvələrinə hücum edəcəyini” bəyan edib:
“Bu, Rusiyanın gərginliyi daha da artırması deməkdir və Avropa təhlükəsizliyini birbaşa təhdid edir.”

Ukraynanın Aİ-yə üzvlük yolu

Kallas həmçinin Ukraynanın Avropa İttifaqına üzvlük istiqamətində mühüm addımlar atdığını deyib:
“Birinci fəsil paketi üzrə danışıqlara başlamağın vaxtı çatıb.”

Qeyd edək ki, Aİ Ukrayna ilə rəsmi danışıqlara 2023-cü il dekabrın 14–15-də başlamaq barədə qərar qəbul etmişdi. 2024-cü il iyunun 25-də ilk Hökumətlərarası Konfrans keçirilsə də, danışıqların davamı üçün Aİ-nin 27 üzvünün yekdil razılığı lazımdır. Hazırda Macarıstan buna veto qoyur.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş