Məhbusun səhhəti ağırdır, müalicə müəssisəsi qəbul etmir
Narkotik ittihamı ilə həbs edilən inanclı məhbus Ağamehdi Məmmədovun Penitensiar Xidmətin Müalicə Müəssisəsinə qəbul edilmədiyi bildirilir. Bu barədə onun qardaşı Rüstəm Məmmədov Meydan TV-yə açıqlamasında məlumat verib.
Onun sözlərinə görə, Ağamehdi Məmmədov ikinci qrup əlildir və uzun müddətdir ciddi sağlamlıq problemlərindən əziyyət çəkir. Məhbusun limfa vəzilərində şişkinlik, qaraciyərində böyümə və görmə qabiliyyətində kəskin zəifləmə müşahidə olunur. Ailə üzvləri bildirir ki, bütün bu hallar təcili tibbi müdaxilə tələb etsə də, rəsmi qurumlar məsuliyyəti üzərindən atır.
“Dəfələrlə müraciət etdik, cavab verən olmadı”
Rüstəm Məmmədov qeyd edib ki, ailə dəfələrlə Penitensiar Xidmətin Tibb Baş İdarəsinə müraciət edib. Onun sözlərinə görə, qurumun baş həkimi Cəmil Kamilli bir müddət əvvəl məhbusu müayinə edib və göz problemi ilə bağlı müəyyən tibbi tədbirlər görüb. Lakin sonradan Ağamehdi Məmmədov 2 saylı cəzaçəkmə müəssisəsinə köçürüldükdən sonra vəziyyəti daha da ağırlaşıb.
“Qardaşım soyuqdəymədən sonra limfa vəzilərinin şişməsi ilə üzləşdi. Bununla bağlı həm özü, həm də biz dəfələrlə müraciət etdik. Amma nə Cəmil Kamillinin müavini Çingiz Əlləzov, nə də digər məsul şəxslər cavab verdi”, – deyə Rüstəm Məmmədov bildirib.
Görmə qabiliyyəti demək olar ki, itib
Ailə üzvlərinin dediyinə görə, məhbusun vəziyyəti kritik həddə çatıb. Ağamehdi Məmmədovun sol gözü tamamilə görmür, sağ gözündə isə görmə qabiliyyəti 70 faizdən 15 faizə düşüb. Qaraciyər ağrıları səbəbindən ona ağır dərmanlar təyin edilib, lakin bu dərmanlar ya verilmir, ya da ailə özü almağa məcbur qalır.
“Dərmanlar dövlət hesabına verilməlidir. Amma nə resept təqdim olunur, nə də dərman. Hər dəfə 20–30 manat xərcləməli oluruq”, – deyə qardaşı vurğulayıb.
Ombudsmana müraciət də nəticəsiz qalıb
Rüstəm Məmmədov bildirib ki, məsələ ilə bağlı Ombudsmana və digər dövlət qurumlarına edilən müraciətlər də cavabsız qalıb. Onun sözlərinə görə, 2 saylı koloniyanın baş həkimi dəfələrlə Ağamehdi Məmmədovun müalicə müəssisəsinə göndərilməsi üçün sənədlər təqdim etsə də, bu sənədlər heç bir əsas göstərilmədən geri qaytarılıb.
“Baş həkim dedi ki, artıq dördüncü dəfədir sənədlər geri qaytarılır. Səbəb göstərilmir. Açıq şəkildə dedilər ki, hara istəyirsən şikayət et”, – deyə o əlavə edib.
Həbsin detalları və ittihamlar
35 yaşlı Ağamehdi Məmmədov 2023-cü il iyulun 17-də Binəqədi Rayon 43-cü Polis Bölməsi tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi – narkotik vasitələri külli miqdarda qanunsuz saxlama və satma ittihamı irəli sürülüb.
Məmmədov ittihamları qəbul etmir və narkomaniyaya qarşı mübarizə apardığı üçün həbs olunduğunu bildirir. O, 2024-cü ilin mart ayında Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.
Ailə üzvləri və hüquq müdafiəçiləri hesab edir ki, Ağamehdi Məmmədovun səhhətinə biganə yanaşılması onun həyatını ciddi təhlükə altına salır. Onlar məsul qurumlardan təcili tibbi müayinə və müalicə tələb edir, əks halda baş verə biləcək fəsadlara görə dövlət orqanlarının məsuliyyət daşıyacağını bildirirlər.
