Ağdamda milyonluq layihə “Diler İnşaat”a tapşırıldı
Dövlət Satınalmalarının vahid internet portalında dərc edilən məlumata əsasən, Ağdam rayonunda yeni yaşayış massivinin tikintisi ilə bağlı iki tender müsabiqəsinin qalibi “Diler İnşaat” QSC olub.
Şirkət birinci tender üzrə 7 milyon 818 min 565 manat, ikinci tender üzrə isə 8 milyon 50 min 336 manat dəyərində müqavilələr imzalayıb. Beləliklə, layihənin ümumi dəyəri 15 milyon 868 min manat təşkil edir.
Şirkətin profili və keçmiş fəaliyyəti
“Diler İnşaat” QSC 2016-cı ildə qeydiyyata alınıb və hazırda nizamnamə kapitalı cəmi 2010 manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 73A göstərilir. Rəsmi sənədlərdə onun qanuni təmsilçisi Elxan Süleymanov, rəhbəri isə Orxan Quluzadə kimi qeyd olunur.
Şirkət yaşayış və qeyri-yaşayış binalarının tikintisi, təmiri, eləcə də tikinti materiallarının satışı və paylanması ilə məşğuldur. “Diler İnşaat” ölkənin bir sıra iri layihələrində – “Trump Tower”, “Flame Towers”, “SOCAR Tower”, “Port Baku Towers”, “Dəniz oteli Crescent Hotel” və “Dəniz Mall” kimi tikililərin inşasında da iştirak edib.
Deputat ailəsinin biznes maraqları
Rəsmi kommersiya məlumatlarına görə, şirkət ilkin olaraq “ORXAN 1989” MMC adı ilə yaradılıb, daha sonra “Diler İnşaat” MMC, daha sonra isə “Diler İnşaat” QSC adlandırılıb.
Hazırda şirkətə rəhbərlik edən Orxan Quluzadə, Milli Məclisin üzvü, artıq beşinci çağırışda mandat daşıyan Ülvi Quliyevin oğludur.
Orxan Quluzadə eyni zamanda “Loğman Farm” MMC adlı digər bir şirkətin də təsisçisidir. Həmin şirkət də dövlət satınalmalarında aktiv iştirak edib və bir neçə tenderin qalibi kimi qeyd olunur.
Ağdam layihəsinin əhəmiyyəti
Yeni yaşayış massivinin Ağdamda aparılan genişmiqyaslı bərpa proqramının bir hissəsi olduğu bildirilir. Layihənin məqsədi işğaldan azad edilmiş ərazilərdə müasir yaşayış infrastrukturu yaratmaq, əhalinin geri dönüşünü təmin etməkdir.
Bununla belə, tenderlərin yenidən eyni ailə ilə əlaqəli şirkətlərin payına düşməsi ictimaiyyətdə şəffaflıq və maraqların toqquşması məsələləri ilə bağlı suallar doğurub.
