Ağ Ev Qəzza Üçün Atəşkəs Planının Detallarını Açıqladı

2 Dəq Oxuma Müddəti

Ağ Evdən atəşkəs təklifi

Ağ Ev bazar ertəsi Qəzza zolağında atəşkəslə bağlı yeni təklifin detalları barədə məlumat yayıb. Rəsmi açıqlamaya görə, tərəflər bu planı qəbul edəcəyi halda müharibə dərhal sona çatacaq.

Təklifə əsasən, “İsrail”in rəsmi razılıq açıqlamasından 72 saat sonra sağ qalan israilli əsirlər və ölənlərin cəsədləri qaytarılacaq. Bütün əsirlərin geri qaytarılmasının ardından isə “İsrail” 250 ömürlük həbs cəzası çəkən fələstinlini və əlavə olaraq 1700 Qəzza sakinini azad edəcək.

Həmçinin, təklifdə qeyd olunur ki, əsirlərin tam şəkildə qaytarılmasından sonra silahlarını təhvil verən və sülh şəraitində yaşamağa razı olan HƏMAS üzvlərinə amnistiya veriləcək. Qəzzanı tərk etmək istəyən HƏMAS üzvləri üçün isə qəbul edəcək ölkələrə təhlükəsiz keçid təmin ediləcək.

Hərbi əməliyyatların dayandırılması

Plan müddətində bütün hərbi əməliyyatlar – o cümlədən hava və artilleriya hücumları dayandırılacaq. Təklifə əsasən, “İsrail” nə Qəzza zolağını işğal edəcək, nə də öz ərazisinə qatacaq.

ABŞ-ın təklifində vurğulanır ki, heç kim məcburi şəkildə Qəzzanı tərk etməyə məcbur edilməyəcək. İstəyənlər bölgədən çıxa, eyni zamanda geri qayıda biləcəklər.

Humanitar yardım mexanizmi

Razılaşma qəbul edilən andan etibarən humanitar yardımlar dərhal Qəzzaya daxil ediləcək. Yardımların təşkili və bölgəyə paylanması BMT, Qırmızı Aypara və heç bir tərəfə bağlı olmayan beynəlxalq təşkilatlar vasitəsilə həyata keçiriləcək.

Əgər HƏMAS təklifi qəbul etməkdə geciksə və ya rədd etsə, ABŞ planına görə yardımlar yalnız “terrorçulardan təmizlənmiş ərazilərdə” həyata keçiriləcək.

Qəzzanın idarə olunması

Sənəddə qeyd edilir ki, Qəzza zolağının idarəsi müvəqqəti olaraq siyasi olmayan fələstinli texnokratlardan ibarət bir komitəyə həvalə olunacaq.

ABŞ həm ərəb, həm də beynəlxalq tərəfdaşlarla birlikdə Qəzzaya müvəqqəti sabitlik qüvvəsi yerləşdirmək üçün iş aparacaq.

Təklifdə həmçinin vurğulanır ki, HƏMAS və digər silahlı qruplar Qəzzanın idarə edilməsində birbaşa və ya dolayı formada iştirak etməyəcək.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş