Ağ Ev Milli İqtisadiyyat Şurasının direktoru Kevin Hassett, ABŞ Mərkəzi Bankını (Fed) faiz qərarlarına siyasəti qatmaqda ittiham edib.
Hassett Çərşənbə günü Fox Business-a müsahibəsində bildirib:
“Əgər Fed-in son bir neçə ildəki addımlarına baxsanız, onların mandatlarını deyil, siyasəti ön plana çıxarıb-çıxarmadığını düşünə bilərsiniz.”
O, Fed-in ötən ilin noyabrında keçirilən prezident seçkilərindən əvvəl faiz dərəcələrini endirməsini və bu il sabit saxlamasını “partiyapərəstliyin sübutu” kimi qiymətləndirib.
Xatırladaq ki, Fed ötən ilin sentyabrında faiz dərəcələrini 50 baza bəndi, seçkilərdən sonra isə iki dəfə 25 baza bəndi endirmişdi. Bu il isə əmək bazarının zəifləmə əlamətlərinə baxmayaraq, tariflərlə bağlı inflyasiya risklərini əsas gətirərək faizləri dəyişməyib. Fed rəsmiləri isə siyasi təsirləri nəzərə aldıqları iddialarını davamlı olaraq təkzib ediblər.
ABŞ Prezidenti Donald Tramp isə faizləri azaltmadığı üçün Fed-i tez-tez tənqid edir. İyul ayında zəif gələn məşğulluq hesabatından sonra Tramp Əmək Statistikaları Bürosunun rəhbəri Erika McEntarferi vəzifədən uzaqlaşdırıb.
Trampın dəstəklədiyi Hassett, McEntarferin işdən çıxarılmasını müdafiə edib və Fed rəhbəri Cerom Pauellin faiz siyasəti üzrə komitədə partiyapərəst parçalanmanın qarşısını ala bilmədiyini söyləyib.
Hassett vurğulayıb:
“Fed işsizlik və inflyasiya kimi ikili mandatlara fokuslanan qərəzsiz bir qurum olmalıdır. Amma hazırda gördüyümüz vəziyyət tarixi miqyasda partiyapərəst parçalanmadır və bu, rəhbərliyin uğursuzluğunu göstərir.”
O əlavə edib ki, Fed rəhbərliyinin əsas vəzifəsi neytral konsensus yaratmaqdır:
“Hazırda gördüyümüz bu deyil və buna görə də idarə heyətində dəyişikliklər qaçılmaz olacaq.”
Hassett həmçinin bildirib ki, əgər Tramp ona Fed-də vəzifə təklif etsə, bunu qəbul edəcək. Tramp daha əvvəl Fed sədri postu üçün Kevin Warsh, Kevin Hassett və daha iki namizədi nəzərdən keçirdiyini açıqlamışdı.