Aclıq aksiyası 33 gündür davam edir
Bakı İstintaq Təcridxanasında saxlanılan dini inanclı şəxs Nigar Bağırovanın səhhətinin ağırlaşdığı bildirilir. Məlumata görə, o, artıq 33 gündür aclıq aksiyasını davam etdirir və vəziyyəti getdikcə daha da pisləşir.
Nigar Bağırova uzun müddət aclıq aksiyası keçirdiyi üçün bir müddət venadaxili sistem vasitəsilə tibbi dəstək alıb. Lakin bir neçə gün əvvəl Bağırova venadaxili sistem qəbulundan imtina edib və bundan sonra quru aclıq aksiyasına başlayacağını bildirib.
Yıxılma və xəsarət faktı
Hüquq müdafiəçisi qeyd edib ki, aclıq aksiyasının ağır fəsadları artıq açıq şəkildə özünü göstərir. Arzu Abdullanın sözlərinə görə, son günlərdə Nigar Bağırovanın halı daha da pisləşib:
“Dünən onun səhhəti kəskin şəkildə ağırlaşıb, yıxılıb və başı əzilib. Nəticədə burnu qanamağa başlayıb”, – deyə hüquq müdafiəçisi bildirib.
Onun sözlərinə görə, tibbi vəziyyətin ağırlığına baxmayaraq, Nigar Bağırova aclıq aksiyasını dayandırmaq niyyətində olmadığını bildirib. Hazırda onun səhhətinin ciddi risk altında olduğu vurğulanır.
Həbsin uzadılmasına etiraz
Məlumata görə, Nigar Bağırova noyabrın 9-da barəsində seçilmiş həbs qətimkan tədbirinin daha iki ay müddətinə uzadılmasına etiraz olaraq aclıq aksiyasına başlayıb. O, bu qərarı ədalətsiz hesab etdiyini və etirazını məhz aclıq aksiyası ilə ifadə etdiyini bildirib.
Nigar Bağırova avqustun 17-də saxlanılan altı dini inanclı qadından biridir. Həmin gün sosial şəbəkələrdə Xəzər rayonu ərazisində ehsan paylayan dini inanclı qadınların polis əməkdaşları tərəfindən zorakılığa məruz qaldığını əks etdirən görüntülər yayılmışdı.
Saxlanılan digər qadınlar
Daha sonra Daxili İşlər Nazirliyi rəsmi məlumat yayaraq 38 yaşlı Nigar Bağırova, 41 yaşlı Aytən İbrahimova, 44 yaşlı Şəhla Fərəcova, 50 yaşlı Xoşqədəm Quliyeva, 31 yaşlı Şərqiyyə Sadıqova və 52 yaşlı Arzu Hüseynovanın saxlanıldığını açıqlamışdı.
Rəsmi məlumata əsasən, həmin şəxslər dini ayinlər və mərasimlər adı altında qanunsuz aksiyalar keçirməkdə təqsirləndirilirlər. Məhkəmənin qərarı ilə onların barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda hüquq müdafiəçiləri Nigar Bağırovanın səhhətinin ciddi nəzarət altında saxlanılmasının vacibliyini vurğulayır və məsələ ilə bağlı aidiyyəti qurumların təcili tədbir görməsini tələb edirlər.
