Fələstinə həmrəylik hədəfdə
ABŞ-nin “Truthout” nəşri xəbər verir ki, son aylarda universitetlərdə Fələstinə dəstək nümayişləri və təşəbbüslərinə qarşı aparılan sərt tədbirlər ölkədə immiqrantlara qarşı nifrətin artmasına səbəb olub.
Məqalədə bildirilir ki, bir çox universitet rəhbərlikləri təhsil müəssisələrində Fələstinə dəstək məqsədli fəaliyyətləri məhdudlaşdırmağa başlayıb. Bunun nəticəsində tələbələrin və müəllimlərin ictimai fəallığı azalıb, əvəzində isə immiqrant tələbələrin saxlanılması və sorğu-sual hallarının artdığı müşahidə olunur.
Fəallara qarşı nəzarət və təzyiq
Nəşr qeyd edir ki, mediada Fələstinlə həmrəylik aksiyaları barədə xəbərlər azalarkən, ABŞ Gömrük və Miqrasiya Xidmətinin əməkdaşlarının tələbələri saxlaması ilə bağlı görüntülər ön plana çıxıb. Bu vəziyyət, xüsusilə müsəlman və ərəb mənşəli tələbələrə qarşı mənfi münasibəti dərinləşdirib.
Ekspertlər vurğulayırlar ki, Fələstinə dəstək göstərən tələbələr Donald Tramp administrasiyası dövründən etibarən sistematik şəkildə təzyiqlərə məruz qalırlar. Hökumət və bəzi universitet rəhbərlikləri bu fəaliyyətləri “siyasi risk” kimi qiymətləndirərək məkan və icazə məhdudiyyətləri tətbiq edirlər.
Universitetlərdə dəstək şəbəkələri qurulur
“Dissentrz” adlı gənclər təşkilatının kommunikasiya direktoru Akin Ola “Truthout”a açıqlamasında deyib:
“Universitetlərdə fəallıq əvvəlki kimi qalır, sadəcə bu dəfə fəaliyyətlər daha səssiz və mediadan uzaq şəkildə həyata keçirilir.”
O, Fələstinə dəstək hərəkatının hələ də davam etdiyini, lakin bu fəaliyyətlərin indi daha çox təhlükəsizlik və şəxsi müdafiə yönümlü olduğunu bildirib.
Məqalədə qeyd olunur ki, tələbələr və müəllimlər birgə şəkildə “Fələstinin ədaləti üçün tələbələr” kimi qruplar vasitəsilə həmrəylik və müdafiə şəbəkələri yaradıblar. Bu şəbəkələr universitetlərdə və onların xaricində tələbələrin hüquqlarını qorumaq, həmçinin polis və immiqrasiya təzyiqlərinə qarşı dayanmaq məqsədi daşıyır.
Akademik dairələrdən siyasi dəstək
Müəllim heyətinin bir hissəsi də tələbə hərəkatlarını açıq şəkildə müdafiə edir. Onlar həm akademik həmkarlar ittifaqlarına, həm də elmi birliklərə müraciət edərək, söz azadlığını qorumağa və tələbə fəaliyyətlərinə qarşı hücumların dayandırılmasına çağırırlar.
“Truthout” yazır ki, bu cür təşəbbüslər ABŞ universitetlərində həm akademik müstəqilliyin, həm də siyasi azadlıqların gələcəyi üçün mühüm sınaq hesab olunur.
