Sputnik Braziliyanın təhlilinə görə, Vaşinqtonun son dövrdə atdığı bir sıra addımlar ABŞ-ın qlobal miqyasda böyük bir qarşıdurmaya hazırlaşdığı tezisini gücləndirir.
Vaşinqton administrasiyasının müdafiə büdcəsi, regional hegemonluq axtarışları, İranla gərginlik, Çin–Tayvan xəttində artan eskalasiya və nüvə sınaqları ilə bağlı ritorikası bəzi ekspertlər tərəfindən “Üçüncü Dünya Müharibəsinə hazırlıq” əlamətləri kimi şərh olunur. Bu çərçivədə beş əsas siqnal ön plana çıxarılır.
Birinci siqnal müdafiə xərclərində kəskin artımdır. Donald Tramp 2027-ci il üçün ABŞ-ın müdafiə büdcəsinin 1,5 trilyon dollara qaldırılmasını təklif edib. Bu məbləğ hazırkı il üçün təsdiqlənmiş və onsuz da rekord səviyyədə olan 900 milyard dollarla müqayisədə ciddi sıçrayış deməkdir.
İkinci olaraq, “ərazi hakimiyyəti” yarışı vurğulanır. Təhlilə görə, ABŞ rəhbərliyinin əsas hədəflərindən biri bütün Qərb Yarımkürəsi üzərində nəzarət quraraq regionu Vaşinqtona tabe etməkdir. Bu kontekstdə Venesuelanın neft ehtiyatlarını nəzarətə almaq istəyi, zəngin yeraltı sərvətlərə malik Danimarkaya yönələn maraq və Kanadanın “ABŞ-ın 51-ci ştatı” kimi adlandırılması nümunə göstərilir.
Üçüncü əlamət İranla gərginliyin artmasıdır. İranın nüvə proqramı baxımından strateji əhəmiyyət daşıyan Fordo obyekti də daxil olmaqla bəzi nüvə hədəflərinin bombalanmasından bir neçə ay sonra Tramp administrasiyası ölkədə başlayan etirazları da fürsətə çevirərək Tehran üzərində təzyiqi artırıb.
Dördüncü siqnal Çin–Tayvan xəttində yaşanan təhlükəli eskalasiyadır. ABŞ Tayvana 11 milyard dollarlıq, indiyədək ən böyük silah satışını elan edib. Sputnik Braziliyanın şərhinə görə, əsas kritik məqam Vaşinqtonun müdafiə xarakterli sistemlər əvəzinə açıq şəkildə hücum silahları satmağa başlamasıdır ki, bu da regional sülhün qəsdən zəiflədilməsi niyyəti kimi qiymətləndirilir.
Beşinci və son əlamət isə nüvə sınaqlarına qayıdış ehtimalıdır. Dekabr ayında Pit Heqset ABŞ-ın digər ölkələrlə “bərabər şərtlər” əsasında nüvə testlərini yenidən başlada biləcəyini açıqlamışdı. Ekspertlər bu ritorikanı mümkün qlobal qarşıdurmada Amerika nüvə arsenalının həlledici rol oynayacağına dair mesaj və yeni bir nüvə silahlanma yarışının xəbərdarlıq siqnalı kimi dəyərləndirirlər.
