ABŞ-ın təzyiqləri Bağdadın qaz planını pozdu
“Reuters” agentliyi xəbər verir ki, İraqın Türkmənistandan qaz idxalı ilə enerji böhranını yüngülləşdirmək planı ABŞ-ın təzyiqləri nəticəsində iflasa uğrayıb. Bağdad İrandan ötürülməklə ildə təxminən 5 milyard kubmetr qaz almaq istəyirdi, lakin Vaşinqton bu sazişi “İrana qarşı sanksiyaların pozulması” kimi qiymətləndirərək razılıq verməyib.
Məsələ ilə bağlı 4 iraqlı rəsmi ilə danışan agentlik həmçinin 7 rəsmi sənədə istinad edir. Onlarda göstərilir ki, İran yalnız tranzit rolunu oynayacaq, heç bir maliyyə vəsaiti almayacaq, sadəcə ümumi həcmdən maksimum 23 faizini daxili ehtiyac üçün saxlayacaqdı. Hətta Bağdad müqavilənin beynəlxalq nəzarət orqanı tərəfindən izlənilməsini də təklif etmişdi.
Elektrik böhranı dərinləşir
İraq 2003-cü ildən bəri vətəndaşlarına stabil elektrik təmin etməkdə çətinlik çəkir. Hazırda ölkənin enerji istehsal gücü 28 min meqavat olsa da, İran qazının azalması 3 min meqavat itkiyə səbəb olub. Bu isə 2,5 milyon ev təsərrüfatının elektrik təminatına birbaşa təsir göstərib.
Rəsmi rəqəmlərə görə, 2024-cü ildə İrandan idxal olunan qaz 9,5 milyard kubmetr təşkil edib və bu, İraqın elektrik istehsalının üçdə birini təmin edib. Baş nazirin elektrik məsələləri üzrə müşaviri Adil Kərim bildirib ki, İran qazının tam dayanması ölkəni çox ağır vəziyyətə sala bilər.
Alternativ yollar axtarılır
Müqavilənin dayandırılmasından sonra İraq hökuməti yeni mənbələr axtarmağa başlayıb. Enerji Nazirliyi Qətərdən və Oman körfəzindən maye qaz idxalı üçün infrastruktur qurmaq planlarını açıqlayıb. Bununla yanaşı, Fransa şirkəti “Total Energies” və Böyük Britaniyanın “BP” şirkəti ilə ölkənin qaz hasilatını artırmaq məqsədilə milyardlarla dollarlıq müqavilələr imzalanıb.
Fransa şirkəti bu həftə Ərtəvi neft-qaz layihəsinin ikinci mərhələsinin başladığını elan edib. Layihənin ümumi dəyəri 27 milyard dollardır və İraqın enerji sektorunu gücləndirməyi hədəfləyir.
Qərb şirkətləri ilə əməkdaşlıq
Mart ayında “BP” Kərkük yataqlarının yenidən işlənməsi üçün hökumətdən icazə alıb. İlkin mərhələdə 3 milyard barel neft ekvivalenti hasilatı planlaşdırılır. Bu layihələrin məqsədi İraqın xarici qaz asılılığını azaltmaq və daxili istehsal gücünü artırmaqdır.
Ekspertlər hesab edir ki, Bağdad enerji sektorunda diversifikasiya etməsə, yay aylarında artan tələbat fonunda daha ciddi böhranlarla üzləşə bilər.