ABŞ Təhdidləri Fonunda Venesuela Ordusu 5600 Yeni Hərbçi İlə Güclənir

2 Dəq Oxuma Müddəti

Venesuela ordusu hərbi təhdidlər fonunda şəxsi heyətini artırır

Venesuela Silahlı Qüvvələri ABŞ-ın artan hərbi təzyiqləri fonunda orduya 5600 yeni hərbçinin qəbul edildiyini açıqlayıb. Yeni əsgərlərin andiçmə mərasimi şənbə günü paytaxt Karakasdakı ən böyük hərbi baza olan Fuerte Tiuanada keçirilib. Prezident Nikolas Maduronun çağırışından sonra ölkədə səfərbərlik fəallığının daha da gücləndiyi bildirilib.

Vaşinqton ötən ay Maduroya heç bir sübut təqdim etmədən “Günəş Karteli” adlanan narkotik şəbəkəsinə rəhbərlik etmək ittihamını yönəldib və bu qurumu “terror təşkilatı” kimi siyahıya salıb. Maduro isə ABŞ-ın onu devirmək və Venesuelanın enerji resurslarına nəzarət etmək məqsədi güddüyünü bəyan edir.

“İmperialist müdaxiləyə icazə verməyəcəyik”

Mərasimdə çıxış edən polkovnik Qabriel Alejandro Rendon Vilçe ölkənin müdafiə iradəsini vurğulayaraq bildirib: “Heç bir halda imperialist qüvvənin işğalına imkan verməyəcəyik.”

Rəsmi məlumatlara görə, hazırda Venesuela ordusu genişlənən təhlükəsizlik çağırışlarına uyğun olaraq şəxsi heyətini artırmaqda davam edir.

Maduro və Ərdoğan arasında telefon danışığı

Eyni gün Prezident Maduro Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb. Danışıqlarda qlobal geopolitik vəziyyət və ABŞ-ın Karib hövzəsində artan hərbi fəaliyyəti müzakirə edilib.

Venesuela xarici işlər naziri İvan Gilin açıqlamasına görə, Ərdoğan Venesuelaya qarşı son dövrdə artan hədələrdən, xüsusilə bölgədəki hərbi yerləşmələrdən ciddi narahatlığını bildirib. Maduro isə Karib dənizindəki ABŞ hərbi hərəkətlərini “qanunsuz, qeyri-proporsional və tamamilə təxribat xarakterli” adlandıraraq, Venesuelanın sülhə sadiqliyini vurğulayıb.

Ərdoğan, həmçinin, ABŞ-la Venesuela arasında dialoq kanallarının açıq saxlanmasının vacibliyini qeyd edib və gərginliyin ən qısa zamanda azaldılacağına ümid etdiyini bildirib.

ABŞ-ın Karibdə hərbi güc nümayişi

ABŞ Cənub Komandanlığı avqust ayından etibarən Karib regionuna və Venesuela sahillərinə “narkotiklə mübarizə” adı altında gəmilər, sualtı qayıqlar, təyyarədaşıyanlar, F-35 qırıcıları və ümumilikdə 15 min hərbi qulluqçu göndərib.

Bununla yanaşı, ABŞ dünyanın ən böyük təyyarədaşıyanı hesab olunan USS Gerald R. Ford gəmisini ehtiva edən 12-ci Zərbə Qrupu (CSG-12)-nu da bölgəyə yerləşdirib.

ABŞ qüvvələri bu müddətdə 20-dən çox guya narkotik daşıyan gəmini hədəfə alıb və ən azı 87 nəfərin ölümünə səbəb olan zərbələr endirib. Karakas rəsmiləri bu hücumları açıq düşmənçilik aktı kimi qiymətləndirərək, bölgədəki vəziyyətin süni şəkildə gərginləşdirilməsinə yönəldiyini bildirir.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş