ABŞ-dan Sakit okeanda ölümcül hücum
ABŞ Müdafiə naziri Pit Heqset bildirib ki, ABŞ ordusu Sakit okeanın şərq hissəsində narkotik daşımaqda şübhəli iki gəmini hədəf alıb. Hücum nəticəsində gəmilərdə olan 6 nəfərin həlak olduğu təsdiqlənib.
Nazirin “X” sosial platformasında paylaştığı videoda hadisə anına dair görüntülər də yer alıb. O bildirib: “Hər iki gəmi kəşfiyyat məlumatlarına əsasən, narkotik qaçaqmalçılığı ilə məşğul olan şəbəkələrlə əlaqələndirilirdi və narkotik daşıdığı müəyyən edilmişdi.”
Heqsetin sözlərinə görə, sentyabr ayından bəri ABŞ donanması Venesuela sahilləri yaxınlığında və Sakit okeanın şərqində ondan çox oxşar əməliyyat həyata keçirib. Bu hücumlar nəticəsində ümumilikdə 70-dən çox şəxs həlak olub. ABŞ son aylarda Karib dənizi və Sakit okean istiqamətində hərbi varlığını xeyli gücləndirib.
Hücumlara beynəlxalq etiraz
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı ABŞ-ın həyata keçirdiyi bu əməliyyatları “qəbuledilməz” adlandırıb və onları “beynəlxalq insan haqları hüququnun pozulması” kimi qiymətləndirib.
Eyni zamanda, Venesuela hökuməti də Vaşinqtonun bu hücumlarını “qanunsuz və suveren dövlətə qarşı açıq təcavüz” adlandıraraq kəskin şəkildə pisləyib.
Karib dənizində artan gərginlik
Xatırladaq ki, ABŞ sentyabr ayında Karib hövzəsində hərbi mövcudluğunu artırmaq məqsədilə bölgəyə nüvə sualtı qayığı, döyüş gəmiləri və dünyanın ən böyük təyyarədaşıyan gəmisini göndərmişdi.
Bu addım Venesuela Prezidenti Nikolas Maduronu ölkə daxilində təhlükəsizlik qüvvələrini gücləndirməyə vadar edib. Maduro ABŞ-ın regiondakı hərbi fəallığını “birbaşa təxribat” kimi qiymətləndirib və on minlərlə əsgərin ölkə üzrə yerləşdirilməsini əmr edib.
Ekspertlər hesab edirlər ki, Vaşinqtonun bu əməliyyatları regionda yeni gərginlik dalğası yarada bilər və beynəlxalq hüquq baxımından ciddi mübahisələrə səbəb olacaq.
