Vaşinqton Körfəzdə uzunmüddətli mövcudluq axtarır
ABŞ ilə Səudiyyə Ərəbistanı arasında imzalanması gözlənilən yeni təhlükəsizlik razılaşması Vaşinqtonun hərbi və kəşfiyyat əməkdaşlığını genişləndirməsini, bununla da Körfəz regionunda daimi təsirini təmin etməsini nəzərdə tutur. ABŞ bu addımla həm öz maraqlarını qorumağı, həm də bölgədə artan Çin və Rusiya təsirini balanslaşdırmağı planlaşdırır.
Amerikanın Newsweek nəşrinin məlumatına görə, razılaşma ötən ay ABŞ ilə Qətər arasında imzalanan müdafiə sazişinə bənzər şəkildə qurulacaq. Vaşinqton bu cür müqavilələr vasitəsilə Körfəz regionunda hərbi varlığını daimi hala gətirir. Riyad isə bu əməkdaşlığı ABŞ-ın uzunmüddətli təhlükəsizlik zəmanəti kimi qiymətləndirir.
İsraillə normallaşma prosesi üçün zəmin
Newsweek yazır ki, bu razılaşma İsraillə normallaşma prosesinə zəmin yarada biləcək “yeni strateji çərçivə” rolunu oynaya bilər. Donald Tramp administrasiyası dövründə başlayan İbrahim Razılaşmalarının davamı kimi görülən bu addım, bəzi ərəb ölkələrini işğalçı İsrail rejimi ilə eyni siyasi xəttə gətirmə cəhdidir.
Lakin müşahidəçilər hesab edirlər ki, bu proses bölgənin sabitliyini təhdid edə bilər. Onların fikrincə, ABŞ-ın təhlükəsizlik zəmanətləri çox zaman silah satışlarının artmasına, regional asılılığın dərinləşməsinə və yerli xalqların maraqlarına uyğun olmayan ittifaqların güclənməsinə gətirib çıxarır.
Riyad–Vaşinqton görüşü razılaşmanı rəsmiləşdirəcək
ABŞ Dövlət Departamenti hələlik məsələ ilə bağlı rəsmi açıqlama verməyib. Lakin məlumatlara görə, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman gələn ay Ağ Evə səfər edəcək və bu səfər zamanı razılaşmanın son mərhələyə çatacağı gözlənilir. Bu, Bin Salman üçün 2018-ci ildən bəri ABŞ-a ilk səfər olacaq.
Mənbələr bildirir ki, yeni saziş “ABŞ-ın Körfəzdəki hərbi zəmanətçi rolunu bərpa edəcək” və eyni zamanda Vaşinqtonun bölgəni öz qlobal təhlükəsizlik strategiyasının bir hissəsinə çevirmək planlarını sürətləndirəcək.