ABŞ Səfiri: Türkiyə ilə İsrail Arasında Ticarət Sazişi Yaxın Vaxtlarda İmzalana Bilər

3 Dəq Oxuma Müddəti

Barrak: “Türkiyə və İsrail arasında müharibə olmayacaq”

ABŞ-ın Türkiyədəki səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak bəyan edib ki, Türkiyə ilə İsrail arasında gərginlik gözlənilmir, əksinə, iki ölkə arasında diplomatik yaxınlaşma müşahidə olunur. O, yaxın gələcəkdə Ankara ilə Təl-Əviv arasında ticarət sazişinin imzalanacağını istisna etməyib.

Barrak bu fikirləri Bəhreynin paytaxtı Manamada keçirilən Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun (IISS) forumunda səsləndirib.

“Əgər Qəzzada əldə olunan razılaşma işləsə, Türkiyə və İsrail arasında ticarət anlaşması çox yaxında olacaq. Mən buna inanıram,” – deyə Barrak bildirib.

“Türkiyə və İsrail bölgədə əməkdaşlıq edə bilər”

ABŞ səfiri vurğulayıb ki, Tramp administrasiyasının Yaxın Şərq siyasəti regionda “yeni əməkdaşlıq imkanları” yaradıb. O, “Prezident Tramp regionda satranç taxtasını dəyişdi. Türkiyə və İsrail müharibə etməyəcək, əksinə, Xəzər dənizindən Aralıq dənizinədək bir əməkdaşlıq zolağı yaranacaq,” – deyə qeyd edib.

Barrak həmçinin Osmanlı İmperiyasının süqutundan sonra Qərbin bölgədə tətbiq etdiyi siyasətləri “səhv və uğursuz” adlandırıb: “Qərb əsrlərdir bayraqlar, dinlər və icmalar üzərindən qurduğu kolonial modeli iflasa uğratdı.”

“Qəzzada atəşkəs Türkiyənin səyləri sayəsində mümkün oldu”

Diplomat Qəzzada əldə olunan atəşkəsin yaranmasında Türkiyənin mühüm rol oynadığını vurğulayıb: “Əgər Türkiyə olmasaydı, Qəzzada atəşkəs mümkün olmazdı. Prezident Tramp buna görə Prezident Rəcəb Tayyib Ərdoğana dörd dəfə təşəkkür edib.”

Barrak həmçinin Qətərin rolunu da yüksək qiymətləndirərək, “Türkiyə və Qətər Qəzza razılaşmasında mükəmməl iş gördülər. Türkiyənin HƏMAS ilə əlaqələri və onları terror təşkilatı kimi tanımaması atəşkəs prosesinə mühüm təsir göstərdi,” – deyə vurğulayıb.

“İsrail və Suriya da anlaşmaya yaxındır”

ABŞ rəsmisi həmçinin İsrail ilə Suriya arasında aparılan danışıqlarda irəliləyiş olduğunu bildirib. Onun sözlərinə görə, “iki tərəf təhlükəsizlik sazişinə çox yaxındır” və bu prosesin ilin sonuna qədər başa çatdırılması planlaşdırılır.

Barrak, Suriya Demokratik Qüvvələri ilə Dəməşq arasında aparılan dialoqun da müsbət istiqamətdə getdiyini söyləyib: “Ortaq nöqtə tapmağa çox yaxınıq.”

“Livan İsrail ilə danışıqlara başlaya bilər”

Forumda çıxışı zamanı Barrak Livanı da tənqid edərək onu “uğursuz dövlət” adlandırıb və “Hizbullah”ın silahsızlaşdırılmasının vacibliyini vurğulayıb. O, Livana Suriyanın yolunu izləmək və İsraillə dialoqa başlamaq çağırışı edib.

Barrak əlavə edib ki, İsrailin Livana qarşı hücumları “Hizbullahın yenidən silahlanmağa başlaması” ilə əlaqəlidir və cənub bölgəsindəki hərbi vəziyyət Tel-Əviv üçün “real təhlükə” yaradır.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş