ABŞ ordusu İran PUA-ları ilə mübarizədə çətinlik yaşayır
ABŞ-ın “The Hill” qəzeti İranın pilotsuz uçuş aparatlarının (PUA) Qərbi Asiyada ABŞ ordusu və onun müttəfiqləri üçün ciddi təhlükə yaratdığını yazıb. Nəşrin məlumatına görə, müharibənin ikinci həftəsinə daxil olunduğu bir vaxtda İranın kütləvi şəkildə istifadə etdiyi ucuz PUA-lar hava müdafiə sistemlərini çətin vəziyyətə salır.
Məqalədə qeyd olunur ki, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) rəsmiləri keçən həftə Konqres üzvləri ilə keçirilən qapalı iclaslarda bu problemi etiraf ediblər. Onların sözlərinə görə, İran tərəfindən göndərilən PUA dalğaları bəzən ABŞ-ın hava müdafiə sistemlərini yararaq hərbi bazalara və qüvvələrə birbaşa təhlükə yaradır.
Məlumata görə, belə hücumlardan biri nəticəsində altı amerikalı hərbçi həyatını itirib.
Ucuz PUA-lar bahalı müdafiə sistemlərini çətin vəziyyətə salır
“The Hill” yazır ki, İranın “Şahid-136” tipli pilotsuz uçuş aparatı ABŞ üçün xüsusi problem yaradır. Bu aparatların istehsal dəyəri təxminən 20 min dollar civarında qiymətləndirilir.
Buna qarşı istifadə olunan ABŞ müdafiə sistemləri isə xeyli baha başa gəlir. Məsələn, “Patriot” və “THAAD” kimi hava hücumundan müdafiə sistemlərinin hazırlanması və istismarı milyonlarla dollara başa gəlir və illərlə vaxt tələb edir.
Bu səbəbdən ucuz PUA-ların bahalı müdafiə sistemlərini tükəndirməsi ABŞ üçün strateji çətinlik yaradır.
ABŞ rəsmiləri problemin gözləniləndən böyük olduğunu bildirir
“CNN” telekanalının məlumatına görə, ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn və digər yüksək rütbəli hərbi rəsmilər Konqres üzvlərinə İran PUA-larının gözləniləndən daha böyük problem yaratdığını bildiriblər.
Onların sözlərinə görə, mövcud hava müdafiə sistemləri bütün pilotsuz aparatları eyni vaxtda tutmaq imkanına malik deyil. Bu isə xüsusilə kütləvi hücumlar zamanı ciddi risk yaradır.
Rəsmilər qeyd ediblər ki, ABŞ və İsrail qüvvələri İranın bəzi raket buraxılış platformalarını hava zərbələri ilə məhv etsələr də, PUA istehsalını tam dayandırmaq çətindir.
İranın geniş PUA arsenalına malik olduğu bildirilir
Məlumatlara görə, İran pilotsuz uçuş aparatlarını müxtəlif yerlərdə sürətlə yığa və istehsal edə bilir. Bu da həmin sistemlərin tamamilə sıradan çıxarılmasını çətinləşdirir.
Açıq mənbələrə əsaslanan bəzi qiymətləndirmələrə görə, İranın istifadəyə hazır 70 minə yaxın pilotsuz uçuş aparatı olduğu ehtimal edilir.
Analitiklər bildirirlər ki, PUA texnologiyasının geniş yayılması müasir müharibələrin xarakterini dəyişir və bahalı hava müdafiə sistemlərinin effektivliyi ilə bağlı yeni müzakirələr yaradır.
