Epşteyn sənədlərinin açılması üçün ilk böyük addım
ABŞ Nümayəndələr Palatası, cinsi istismar və fahişəlik şəbəkəsi qurmaqda ittiham olunan milyarder Cefri Epşteynlə bağlı bütün sənədlərin açıqlanmasını tələb edən qanun layihəsini böyük səs çoxluğu ilə qəbul edib. “Epşteyn Sənədlərinin Şəffaflıq Qanunu” adlanan layihə 427 “lehinə”, yalnız bir “əleyhinə” səslə təsdiqlənib.
Bu nəticə, artıq uzun müddətdir ictimaiyyətin gözlədiyi Epşteyn sənədlərinin tam şəkildə açılması istiqamətində Konqresdə atılan ilk rəsmi addım kimi qiymətləndirilir. Qanun layihəsi ABŞ Ədliyyə Nazirliyinin nəzdində olan bütün Epşteyn sənədlərinin tam şəkildə ictimaiyyətə təqdim olunmasını nəzərdə tutur.
Trump-ın mövqeyinin dəyişməsi diqqət çəkdi
Qanun layihəsinin Nümayəndələr Palatasında bu qədər böyük dəstək qazanması, ABŞ Prezidenti Donald Trampın son vaxtlar Epşteyn sənədlərinin tam açıqlanmasına dair mövqeyini dəyişdiyini bildirməsindən sonra gəldi. Respublikaçıların çoxluq təşkil etdiyi Palatada layihənin demək olar ki, yekdilliklə qəbul edilməsi də bu dəyişikliklə əlaqələndirilir.
Layihənin növbəti mərhələsi Senat olacaq. Orada da təsdiqlənəcəyi təqdirdə sənəd Ağ Evə göndəriləcək və Prezident Trampın imzası ilə qanun statusu alacaq.
Cefri Epstayn işi: ABŞ-ın ən mübahisəli sənədlərindən biri
Epşteyn, ən kiçiyi 14 yaş olmaqla, çoxsaylı azyaşlı qızlara cinsi istismar və fahişəlik şəbəkəsi yaratmaq ittihamı ilə həbs edilmişdi. O, Nyu-Yorkdakı Manhetten Metropolitan Həbsxanasında 10 avqust 2019-cu ildə hücrəsində ölü tapılmışdı. Rəsmi açıqlamaya görə, ölüm “intihar” kimi qeydə alınmışdı, lakin ictimaiyyətdə bunun ört-basdır edildiyinə dair fərziyyələr davam edir.
İllər ərzində açıqlanan Epşteyn materiallarında bir çox tanınmış simanın adı hallanmışdı: Britaniya şahzadəsi Endryu, ABŞ-ın prezidentləri Donald Tramp və Bill Klinton, İsrailin sabiq baş naziri Ehud Barak, keçmiş vitse-prezident Al Qor, aktyor Kevin Speysi, müğənni Maykl Cekson, illyuzionist Devid Koperfild və hüquqşünas Alan Dershovits kimi məşhur adların sənədlərdə yer aldığı bildirilirdi.
FBI və Ədliyyə Nazirliyi isə birgə araşdırmalarında “müşəri siyahısı” iddiasını təsdiqləyəcək dəlil tapmadıqlarını və Epstaynın hər hansı cinayət şəbəkəsini ört-basdır etmək məqsədilə öldürüldüyünə dair sübut olmadığını açıqlamışdı.
İddialar və mübahisələr hələ də davam edir
ABŞ jurnalisti Takker Karlson isə Epstaynın İsrail üçün fəaliyyət göstərdiyini, Vaşinqton siyasi dairələrinin bunu bildiyini, lakin açıq danışmadığını iddia etmişdi. Digər tərəfdən, Wall Street Journal qəzetinin məlumatına görə, Epşteynin yaxın çevrəsində olan Ghislaine Maksuell, milyarderin 50 illik yubileyi üçün tanışlarından məktublar toplamış və həmin məktublardan birinin də Donald Trampa aid olduğu iddia olunmuşdu.
Epşteyin sənədlərinin tam şəkildə açıqlanması həm hüquqi, həm siyasi, həm də ictimai baxımdan böyük rezonans doğuracaq və yeni müzakirələrə yol aça bilər.
