ABŞ Konqresində Bakıya Qarşı Yeni Sanksiya Paketi

3 Dəq Oxuma Müddəti

ABŞ Konqresində Bakıya qarşı sanksiya təşəbbüsü genişlənir

ABŞ Konqresində Azərbaycan hakimiyyətinə qarşı yeni sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsi hazırlanır. Bu barədə “Kyiv Post” nəşrinin bu gün yayımladığı “Vaşinqton susduğu vaxtda Əliyev repressiyaları sərtləşdirir” adlı məqalədə məlumat verilir.

Məlumata görə, Tom Lantos İnsan Haqları Komissiyasının həmsədri, Nyu-Cersi ştatından respublikaçı konqresmen Kris Smit “2025 Azərbaycan Demokratiya Aktı” adlanan sanksiya paketini yaxın günlərdə Konqresə təqdim etməyə hazırlaşır. Layihə korrupsiya və siyasi repressiyalarda adı hallanan yüksək vəzifəli Azərbaycan rəsmilərinə qarşı ABŞ-dakı aktivlərin dondurulmasını və viza məhdudiyyətlərini nəzərdə tutur.

35 yüksək vəzifəli şəxsin adı sənəddə yer alır

“Kyiv Post”un əldə etdiyi ilkin sənəddə Prezident İlham Əliyevin təhlükəsizlik, məhkəmə və siyasi strukturlarında çalışan 35 yüksək vəzifəli şəxsin adı qeyd olunub. Qanun layihəsinin xüsusi maddəsində ABŞ Prezidentinə belə bir tələb də əksini tapır:

“Azərbaycanın demokratik institutlarını sarsıdan addımlardan şəxsi fayda götürən rəsmilərin bütün əmlak və mülkiyyət maraqları bloklanmalıdır.”

Layihənin hazırlanmasında iştirak edən, adının çəkilməsini istəməyən konqres əməkdaşı bildirib ki, Azərbaycan hakimiyyətinin son addımları “prosesə yanaşmanı dəyişib”.

Onun sözlərinə görə: “Əliyev Vaşinqtonun sükutunu yaşıl işıq kimi qəbul edir. Konqres isə bunun belə davam etməsini istəmir.”

Ağ Evin susqunluğu narazılıq doğurur

Nəşrin yazdığına görə, bu təşəbbüs Ağ Evin son aylardakı səssizliyi fonunda ortaya çıxır. Dövlət Departamenti AXCP sədri Əli Kərimlinin həbsi, müxalifət təmsilçilərinə və hakimiyyətin tənqidçilərinə qarşı artan təzyiqlərlə bağlı hələlik açıqlama verməyib. İnsan haqları təşkilatlarının müraciətləri də cavabsız qalıb.

Adının açıqlanmasını istəməyən demokrat konqres üzvü “Kyiv Post”a deyib ki, administrasiyanın reaksiyasızlığı “prosesə dolayısı şəriklik” kimi görünür:

“Biz bir müttəfiq ölkədə genişmiqyaslı siyasi təmizləmənin şahidiyik. Dövlət Departamentindən reaksiya yoxdur. Bu sükut Bakıda vəziyyətin daha da sərtləşdirilməsi üçün siqnal kimi başa düşülür.”

Konqresdə narahatlıq artır

İnsan haqları məsələləri ilə məşğul olan digər respublikaçı konqresmen isə bildirib ki, hazırkı vəziyyət Vaşinqton üçün ciddi narahatlıq doğurur:

“Əliyev düşünür ki, Vaşinqtonun ona ehtiyacı daha çoxdur. Administrasiyanın fəaliyyətsizliyi ciddi narahatlıq yaradır.”

Məqalədə vurğulanır ki, Konqresdəki bu yeni təşəbbüs ABŞ-Azərbaycan münasibətlərində gərginliyi daha da artırmaq potensialına malikdir və sanksiya layihəsinin qəbul olunacağı təqdirdə iki ölkə arasında diplomatik əlaqələrdə yeni mərhələ başlaya bilər.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş