ABŞ Konqresinə bağlı Nəzarət Komitəsi, milyarder Jeffrey Epstein-ə aid olduğu deyilən yeni sənədləri ictimaiyyətə açıqlayıb. Paylaşılan materiallar arasında 2003-cü ildə hazırlanmış, “doğum günü kitabı” adlanan və bir çox məşhur şəxsin mesajlarını ehtiva edən 238 səhifəlik sənəd xüsusi diqqət çəkib.
Bu kitabda Epstein-in yaxın ətrafından, siyasət, elm, biznes və incəsənət dünyasından şəxslərin yazdığı qeydlər, fotolar və təbrik mesajları yer alır. Bununla yanaşı, Epstein-in vəsiyyətnaməsi, 1990–2019-cu illəri əhatə edən ünvan dəftərlərindən parçalar, həmçinin imzaladığı “ittiham irəli sürülməməsi barədə razılaşma” da açıqlanan materiallar içindədir.
Tramp və Klintonla bağlı qeydlər
Ən çox müzakirə doğuran məqamlar arasında, sənədlərdən birində Donald Trump-a aid olduğu iddia edilən bir not yer alıb. Notun üzərində Trump-ın imzasına bənzər yazı görünsə də, Ağ Ev həmin imzanın ABŞ Prezidentinə aid olmadığını bəyan edib.
Eyni zamanda, sabiq prezident Bill Klintona ünvanlanan mesajda Epstein-in “uşaqcasına maraqlarından” və “fərq yaratmaq istəyindən” bəhs olunur. Klinton tərəfi isə məsələ ilə bağlı şərh verməkdən imtina edib.
Mandelsonun adı gündəmdə
Sənədlərdə Böyük Britaniyanın ABŞ-dakı keçmiş səfiri Lord Peter Mandelsonun da adı çəkilib. Onun Epstein üçün “ən yaxşı dostum” ifadəsini işlədiyi və fotolar paylaşdığı məlum olub. Lakin Mandelsonun sözçüsü ABŞ mediasına açıqlamasında, bu tanışlıqdan peşman olduğunu bildirib.
Fotolar və şəxsi yazışmalar
Dosyelər arasında Epstein-in şəxsi təyyarəsində və müxtəlif tədbirlərdə çəkilmiş fotolar da var. Şəkillərin bir hissəsində üzlər xüsusi olaraq gizlədilib. Bundan əlavə, müxtəlif şəxslərin göndərdiyi şəxsi qeydlər də sənədlərə daxil edilib.
Qaranlıq ölüm və davam edən mübahisələr
Xatırladaq ki, Jeffrey Epstein 2019-cu ildə azyaşlılara qarşı cinsi istismar və fahişəlik şəbəkəsi qurmaq ittihamları ilə mühakiməni gözləyərkən həbsxanada ölü tapılmışdı. Rəsmi olaraq intihar etdiyi bildirilsə də, onun keçmiş ortağı Ghislaine Maxwell bu versiyaya inanmadığını açıqlamışdı.
Zərərçəkənlərin reaksiyası
Keçən həftə açıqlanan 33 min səhifəlik sənədlərdə yeni məlumatların olmaması zərərçəkənlərin etirazına səbəb olmuşdu. Epstein-in zərərçəkənləri Konqres binası qarşısında toplaşaraq, onun ətrafında yer alan və istismarda iştirak etdiklərini iddia etdikləri şəxslərin adlarını ehtiva edən ayrıca bir siyahı hazırladıqlarını bildirmişdilər.
Hazırda yayımlanan yeni sənədlər həm ABŞ-da, həm də beynəlxalq səviyyədə geniş rezonans doğurub və müzakirələr davam edir.