ABŞ-İsrail İrana Zərbə Endirdi

2 Dəq Oxuma Müddəti

Tehranda partlayışlar

Sionist rejim İrana qarşı hərbi əməliyyat həyata keçirib. İsrailin müdafiə naziri hücumun “önləyici xarakter” daşıdığını açıqlayıb.

Məlumata görə, paytaxt Tehranda azı 5 partlayış baş verib. İranın “Fars” agentliyi şəhərin mərkəzində 3 güclü partlayışın eşidildiyini, qalın tüstünün qalxdığını bildirib. İlkin məlumatlarda paytaxtın “Danəşgah” küçəsi və “Cümhuri” ərazisinə bir neçə raketin düşdüyü qeyd olunur. Partlayış səslərinin şəhərin şimal və şərq hissələrində də eşidildiyi bildirilib.

Hava məkanı bağlandı

İranın qərarı

Hadisələrdən sonra İran Mülki Aviasiya Təşkilatının sözçüsü ölkənin hava məkanının növbəti bildirişədək bağlandığını açıqlayıb. Bu qərar təhlükəsizlik səbəbi ilə qəbul edilib.

İsrail və regionda vəziyyət

Eyni zamanda, işğal olunmuş Fələstin ərazilərində hava həyəcan siqnalları səslənib. Sionist rejim ordusu məktəblərin bağlandığını, ictimai tədbirlərin qadağan edildiyini və sakinlərə evdən işləmək tövsiyə olunduğunu bildirib. İsrail mediası ölkənin hava məkanının da bağlandığını yazıb.

Sionist rejim hərbi mənbəsi “Reuters” agentliyinə bildirib ki, əməliyyat aylarla planlaşdırılıb və tarixi bir neçə həftə əvvəl müəyyənləşdirilib. İsrail ordusunun radiosuna danışan yüksək rütbəli təhlükəsizlik mənbəsi hücumun ABŞ ilə koordinasiyalı şəkildə həyata keçirildiyini iddia edib.

Danışıqlar fonunda eskalasiya

Hadisə ABŞ və İran arasında dolayı danışıqların keçirildiyi bir dövrə təsadüf edir. Son həftələrdə Vaşinqton və Təl-Əviv tərəfindən İrana qarşı sərt bəyanatlar səsləndirilmiş, bölgədə ABŞ-ın hərbi mövcudluğu artırılmışdı.

Ekspertlər hesab edirlər ki, bu hücum regionda genişmiqyaslı qarşıdurma riskini əhəmiyyətli dərəcədə yüksəldə bilər. İran tərəfindən mümkün cavab addımlarının miqyası və beynəlxalq reaksiyalar yaxın saatlarda vəziyyətin inkişaf istiqamətini müəyyənləşdirəcək.

Hazırda Tehran və Təl-Əviv arasında gərginlik ən yüksək səviyyəyə çatıb və region yeni təhlükəli mərhələyə qədəm qoyub.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş