İŞİD məhbuslarının İraqa köçürülməsi başlayıb
ABŞ qüvvələri Suriyanın Həsəkə vilayətində yerləşən Qveyran həbsxanasından İŞİD (İŞİL) üzvlərinin üçüncü qrupunu quru yolu ilə İraqa köçürüb.
Şənbə günü həyata keçirilən köçürmə Suriya hökuməti, Suriya Demokratik Qüvvələri (QSD) və ABŞ arasında əldə olunmuş üçtərəfli razılaşmanın tərkib hissəsidir. Razılaşma son aylarda Suriya hökumət qüvvələri ilə QSD arasında baş vermiş qanlı toqquşmalardan sonra əldə edilmiş atəşkəs çərçivəsində formalaşıb. ABŞ bu razılaşmada üçüncü tərəf kimi çıxış edir.
7 min məhbusun köçürülməsi planlaşdırılır
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) daha əvvəl regiondakı müxtəlif saxlanma mərkəzlərindən məhbusların köçürülməsi üzrə genişmiqyaslı əməliyyatın başladığını təsdiqləyib. Rəsmilərin açıqlamasına görə, ümumilikdə təxminən 7 min İŞİD üzvünün İraq tərəfinə təhvil verilməsi planlaşdırılır.
İraq hakimiyyəti Suriyadan gətirilən İŞİD məhbusları barəsində ölkə vətəndaşlarına qarşı törədilmiş vəhşiliklərə görə istintaq prosesinə start verib.
Həsəkədə siyasi və təhlükəsizlik dəyişiklikləri
Suriyanın şimal-şərqində təhlükəsizlik vəziyyəti son həftələrdə sürətlə dəyişib. Suriya hökumət qüvvələrinin bölgədə irəliləməsi və QSD-nin geri çəkilməsi bu prosesləri daha da sürətləndirib.
Şənbə günü QSD tərəfindən Həsəkə valisi vəzifəsinə namizəd göstərilən Nurəddin Əhməd Dəməşqdən gəlmiş nümayəndə heyəti ilə Həsəkə hökumət binasında görüş keçirib. Görüşdən sonra bina üzərində Suriya dövlət bayrağı qaldırılıb.
Bu hadisə siyasi baxımdan mühüm əhəmiyyət daşıyır. Çünki Dəməşq ilə QSD arasında əldə olunan razılaşmaya əsasən, Həsəkə valisinin namizədliyi QSD tərəfindən irəli sürülür, rəsmi təyinat isə Suriya hökuməti tərəfindən həyata keçirilir. Nurəddin Əhmədin yaxın vaxtlarda rəsmi şəkildə vəzifəyə təyin olunacağı gözlənilir.
Dəməşqin inzibati nəzarəti genişlənir
Həsəkəyə gələn nümayəndə heyətinə Suriya hökumətinin yüksək rütbəli təhlükəsizlik rəsmiləri də daxildir. Bu isə Dəməşqin vilayət üzərində inzibati nəzarətini tədricən bərpa etdiyini göstərir.
Bundan əvvəl Suriya hökumət qüvvələri QSD-nin əsas şəhər mərkəzlərindən biri hesab olunan Qamişliyə də daxil olub. Bu addım ötən həftə əldə olunan atəşkəs razılaşmasından sonra atılıb.
Razılaşma bir neçə həftə davam edən qarşıdurmalara son qoyub və QSD döyüşçülərinin mərhələli şəkildə Suriya dövlət strukturlarına inteqrasiyasına yol açıb. Vaşinqton bu prosesi “milli barışıq istiqamətində mühüm addım” kimi qiymətləndirib.
ABŞ bazasında geriçəkilmə əlamətləri
Eyni zamanda məlumata Həsəkənin əl-Şəddadi bölgəsində yerləşən ABŞ hərbi bazasında diqqətçəkən dəyişikliklərin müşahidə olunduğunu bildirilib. Məlumata görə, bazanı əhatə edən müşahidə qüllələrinin əksəriyyəti boşaldılıb, yalnız qərb qülləsində şəxsi heyət qalıb.
Əsgərlərin qüllələrdən birində ABŞ bayrağını endirdiyi, uçuş-enmə zolağında istifadə olunan avadanlıqların isə artıq görünmədiyi qeyd olunub. Bazada döyüş təyyarələri müşahidə edilməyib, lakin iri yük təyyarəsinin enərək bir neçə saat sonra ərazini tərk etdiyi bildirilib.
ABŞ-ın Suriyadakı hərbi mövcudluğu
ABŞ Suriyada rəsmi hərbi mövcudluğunu 2015-ci ilin oktyabrında, İŞİD-ə qarşı beynəlxalq koalisiya çərçivəsində başlayıb. İlkin mərhələdə təxminən 50 xüsusi təyinatlı hərbçi məsləhətçi kimi yerləşdirilmişdi. Sonrakı illərdə şəxsi heyətin sayı dəfələrlə dəyişib.
2025-ci ilin ortalarında yayılan məlumatlara görə, təxminən 500 ABŞ hərbçisi Suriyanı tərk edib və ölkədə təqribən 1400 nəfər qalıb. Lakin dəqiq rəqəmlər məxfi saxlanılır.
Hazırda ABŞ qüvvələri İŞİD qalıqları ilə mübarizə, Suriya hökumətinə kəşfiyyat və logistik dəstək, həmçinin Həsəkə və Deyr əz-Zor vilayətlərində neft-qaz infrastrukturlarının təhlükəsizliyinin təmininə fokuslanır.
İŞİD-ə qarşı əməliyyatlar davam edir
ABŞ yanvar ayında Suriyada İŞİD hədəflərinə qarşı növbəti “genişmiqyaslı” hücumlar həyata keçirib. Bu əməliyyatlar ötən ilin dekabrında Palmira şəhərində ABŞ əsgərlərinə qarşı təşkil edilən pusqudan sonra baş verib. Həmin hücumda iki amerikalı hərbçi və bir mülki tərcüməçi öldürülmüşdü.
