Şiraz və cənub limanlarında partlayışlar
İranın “Təsnim” agentliyinin məlumatına görə, Bəndər-Abbas, Çabahar və Kənərək limanlarında partlayışlar baş verib.
İranın rəsmi İRNA agentliyi isə Şiraz şəhərində, eləcə də Bəndər-Lənge limanında partlayışların qeydə alındığını bildirib. Məlumata əsasən, Hörmüzqan əyalətində yerləşən Bəndər-Lenge limanı da ABŞ tərəfindən yenidən hədəfə alınıb.
CENTCOM yeni hücum mərhələsinin başladığını açıqladı
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bəyan edib ki, ABŞ qüvvələri Şərq Sahili vaxtı ilə saat 16:00-da İrana qarşı yeni hücum mərhələsinə başlayıb.
Qurumun açıqlamasında bildirilib ki, əməliyyatların məqsədi İranın Hörmüz boğazında kommersiya gəmiçiliyinə qarşı istifadə olunduğu bildirilən hərbi imkanlarını zəiflətməkdir.
İran BMT-yə müraciət etdi
İranın BMT-dəki daimi nümayəndəsi BMT-nin Baş katibi Antonio Quterreşə və Təhlükəsizlik Şurasının sədrinə ünvanladığı məktubda ABŞ-ın Darxovin nüvə elektrik stansiyasının tikinti sahəsinə hücumunu açıq şəkildə pisləməyə çağırıb.
Gərginlik davam edir
Son günlər ABŞ-ın İranın cənub bölgələrində yerləşən limanlara, sahil nəzarət məntəqələrinə və digər mülki infrastruktur obyektlərinə ardıcıl zərbələr endirdiyi bildirilir.
Buna cavab olaraq İran da bölgədə yerləşən ABŞ hərbi bazalarına və maraqlarına qarşı əməliyyatlar həyata keçirdiyini açıqlayıb. Bölgədə hərbi qarşıdurmanın miqyası genişlənməkdə davam edir.

