Qəşm adasında yaşayış evi hədəfə alınıb
İranın rəsmi İRNA agentliyinin yaydığı məlumata görə, ABŞ-nin həyata keçirdiyi hava hücumları nəticəsində Qəşm adasında iki nəfər yaralanıb.
Hörmüzqan vilayətinin rəhbərliyinin nümayəndəsi bildirib ki, hücum zamanı yaşayış evi hədəfə alınıb. Hazırda dağıntılar altında qaldığı bildirilən üç nəfərin axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
Bir neçə vilayətdə raket hücumları qeydə alınıb
Xuzistan vilayətinin rəhbərliyinin nümayəndəsi ABŞ-yə aid raket hücumlarının Şadəqan, Əhvaz və Abadan şəhərləri ətrafındakı əraziləri hədəf aldığını açıqlayıb.
Onun sözlərinə görə, Arvandkənar şəhəri ətrafındakı bölgələr də hücuma məruz qalıb.
İranın cənubunda partlayış səsləri eşidilib
İran dövlət televiziyası Bəndər-Abbas limanında iki partlayış səsinin eşidildiyini bildirib. Məlumata görə, partlayışların İran Silahlı Qüvvələrinin hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti ilə əlaqədar olduğu ehtimal edilir.
Bununla yanaşı, Əbu Musa, Kiş və Qəşm adaları ətrafında, eləcə də dəniz akvatoriyasında da partlayış səslərinin eşidildiyi bildirilib.
ABŞ raketlərinin Küveytdən buraxıldığı bildirilir
“Tasnim” xəbər agentliyi ABŞ raketlərinin Küveyt ərazisindən İran istiqamətində intensiv şəkildə buraxıldığını qeyd edib.
Digər İran mediası da Buşəhr vilayətində, Kiş adasında və Əhvaz şəhərində partlayış səslərinin eşidildiyini bildirib.
ABŞ hücumları təsdiqləyib
ABŞ ordusu İrana qarşı yeni hərbi əməliyyatların həyata keçirildiyini təsdiqləyib. Lakin hücumların hədəfləri və miqyası barədə əlavə məlumat açıqlanmayıb.
İran tərəfi isə ABŞ-nin son hücumlarının əvvəlki razılaşmaların pozulması olduğunu bildirib.
Tehran cavab verəcəyini bəyan edir
İran rəsmiləri ABŞ-nin hücumlarına cavab olaraq bölgədə yerləşən Amerika hərbi bazaları və strateji obyektlərinin hədəfə alındığını və ya alınacağını bildirirlər.
İran tərəfi həmçinin Hörmüz boğazında təhlükəsizlik tədbirlərinin davam etdiyini və bölgədə vəziyyətin gərgin olaraq qaldığını qeyd edir.

