Müqavilə ləğv edildi
ABŞ-da fəaliyyət göstərən və ictimai əlaqələr sahəsində aparıcı şirkətlərdən biri hesab olunan “SKDK” İsrail hökuməti ilə əməkdaşlığına son qoyub. Şirkət Qəzzada davam edən müharibə ilə bağlı rəsmi Təl-Əvivin mövqeyini beynəlxalq mediada təbliğ edirdi. “Politico” nəşrinin məlumatına görə, müqavilənin dəyəri 600 min ABŞ dolları olub və 2024-cü ilin aprelindən 2025-ci ilin martına qədər qüvvədə qalmalı idi.
Fəaliyyət istiqamətləri
“SKDK”nın fəaliyyəti əvvəlcə Qəzzada girov saxlanılarkən öldürülən Bibas ailəsinə diqqət çəkmək üzərində qurulmuşdu. Daha sonra isə şirkət beynəlxalq media proqramlarında İsrail mövqeyini ifadə edə biləcək qonaqların çıxışlarını təşkil etməklə məşğul olub.
Bu, şirkətin uzun illər ərzində İsraili dəstəkləyən layihələrdə iştirak etməsinə baxmayaraq, ilk dəfə birbaşa hökumətin özü ilə işləməsi idi. Bu məqsədlə “SKDK” Avropanın nüfuzlu reklam və PR şirkəti “Havas”la birlikdə İsrailin dövlət reklam agentliyi “LAPAM” üçün fəaliyyət göstərirdi. Müştəri isə İsrail Xarici İşlər Nazirliyi idi.
Bot şübhələri və şirkətin mövqeyi
“Sludge” xəbər portalının yayımladığı məlumata görə, şirkətin fəaliyyətinin bir hissəsi sosial şəbəkələrdə – “Instagram”, “TikTok”, “LinkedIn” və “YouTube” platformalarında İsraili dəstəkləyən narrativləri gücləndirmək üçün bot proqramı yaratmaqdan ibarət olub. Bu iddia ABŞ-ın Xarici Agentlərin Qeydiyyatı Qanunu çərçivəsində açıqlanan sənədlərə əsaslanıb.
Lakin şirkətin özü bu ittihamı qəti şəkildə təkzib edərək yalnız media əlaqələri sahəsində fəaliyyət göstərdiklərini bildirib. Şirkətin sözçüsü açıqlamasında qeyd edib: “Biz bu işi 31 avqustda dayandırdıq və rəsmi olaraq qeydiyyatın ləğvini başladıq”.
Niyə dayandırıldı?
“SKDK” əməkdaşlığın dayandırılma səbəbini açıqlamasa da, sadəcə “işin məqsədinə çatdığını” bəyan edib. Şirkətin qəfil geri çəkilməsi beynəlxalq ictimaiyyətdə İsrailin artan təcridinin daha bir nümunəsi kimi dəyərləndirilir.