UG Solutions Qəzzaya yeni yerləşdirmə üçün muzdlular cəlb edir
ABŞ-ın hərbi podratçısı UG Solutions yenidən Qəzza üçün intensiv şəkildə muzdlular toplamağa başlayıb. Şirkət əvvəllər Qəzza Humanitar Fonduna (GHF) təhlükəsizlik xidməti göstərir, eyni zamanda qida paylanması adı altında ölümcül “yardım sistemi”nin idarə olunmasına cəlb olunurdu. Media məlumatına görə, yeni missiyalar üçün dekabrda yerləşdirməyə start verilə bilər və əməkhaqqı gün ərzində 1000 dollara qədər yüksəlir.
Qeyd edilir ki, şirkət Qəzzada ondan çox yeni yardım məntəqəsinin yaradılmasına hazırlaşır. Bir namizəd müsahibənin əsasən silah testlərinə, “eskalasiya qaydalarına” və hərbi rütbə fərqinə baxmadan əmrlərə tam tabeçiliklə bağlı suallara fokuslandığını bildirib. Bir neçə mərhələli yoxlamadan sonra namizəd qəfil şəkildə rədd edilib.
ABŞ-ın yeni planı və “Sülh Şurası”
Bu cəlbetmə dalğası BMT Təhlükəsizlik Şurasında ABŞ-ın təşəbbüsü ilə qəbul edilən yeni qətnamədən sonra baş verir. Qətnamə ABŞ Prezidenti Donald Trampın Qəzzanın gələcəyi ilə bağlı 20 maddəlik layihəsinə əsaslanır. Sənəd yalnız bir cümlədə gələcək Fələstin dövlətinin “ehtimalından” bəhs edir.
Qətnaməyə görə, Qəzza üzərində geniş səlahiyyətlər Trampın rəhbərlik edəcəyi “Sülh Şurası”na verilir. Bu qurum yenidənqurma, təhlükəsizlik, iqtisadi siyasət və humanitar yardımı BMT strukturlarından kənar şəkildə idarə etmək hüququ ilə təmin olunur.
Tənqidçilər bunu “İsrailin soyqırımını legitimləşdirmək və Qəzzaya yeni xarici hakimiyyət tətbiq etmək cəhdi” adlandırırlar.
Şübhəli amerikalı motosiklet qrupları Qəzzada silahlı “mühafizəçi” kimi
Məlumata görə, Qəzzada təhlükəsizlik mexanizmi məşhur islamofob “İnfidels Motorcycle Club” motosiklet qrupunun üzvlərindən formalaşdırılıb. Silahlı veteranlardan ibarət bu qrupun “yer üzündən bütün müsəlmanların məhvini” hədəfləyən manifesto ilə fəaliyyət göstərdiyi bildirilir.
GHF-də çalışmış ABŞ Ordusunun veteranı Entoni Aqilar fondun iş prinsipinin “mafiya kimi, amma prinsipsiz bir mafya kimi” olduğunu, uşaqların belə hədəf alındığını açıqlayıb.
Yardım məntəqələrinin acı bilançosu
GHF tərəfindən may ayından açılan yardım məntəqələri UG Solutions-un mühafizəçiləri tərəfindən qorunurdu. Bu dövrdə 2 600-dən çox fələstinli ərzaq əldə etməyə çalışarkən İsrail qüvvələri və ya podratçılar tərəfindən öldürülüb, 19 000-dən çox insan isə yaralanıb.
Medianın əldə etdiyi videolarda mühafizəçilərin “heç bir təhdid olmasa belə” atəş açdığı, gözyaşardıcı və səs bombalarından istifadə etdiyi görünür. Bir podratçı məntəqələri “ölüm tələləri” adlandıraraq istefa verib.
UG Solutions-a qarşı istintaq tələbi
Şimali Karolinada yaşayan hüquq müdafiə təşkilatları şirkətin fəaliyyətinin araşdırılmasını tələb edir. CAIR-NC rəhbəri Al Rieder bildirib:
“Ac insanlar üzərində zorakılıqda iştirak edən heç bir şirkət Şimali Karolinadan fəaliyyət göstərməməlidir. Bu iddialar dəhşətlidir.”
Qəzzada aclıq dərinləşir
BMT-nin məlumatına görə, atəşkəsə baxmayaraq İsrail 600 yardım maşınının girişinə icazə vermir. İnteqrə edilmiş Qida Təhlükəsizliyi Təsnifatı avqustda Qəzzada rəsmi aclıq elan edib. 2023-cü ilin oktyabrından 2024-cü ilin sonunadək 450-dən çox fələstinli, o cümlədən 150-dən çox uşaq aclıq və qidalanma çatışmazlığından həyatını itirib.
