ABŞ-ın postsovet məkanındakı “gizli laboratoriya xəritəsi”
Russia Today portalında yayımlanan yeni araşdırma, ABŞ-ın keçmiş Sovet ölkələrində qurduğu hərbi-bioloji laboratoriya şəbəkəsinin həcmini və fəaliyyət istiqamətlərini yenidən gündəmə gətirib.
Məqaləyə görə, bu şəbəkənin ən mühüm halqalarından biri Gürcüstan paytaxtı Tiflis yaxınlığındakı Riçard Luqar Xalq Sağlamlığı Tədqiqat Mərkəzidir. Bu müəssisə illərdir “ABŞ-ın gizli bioloji proqramlarının aparıldığı məkan” kimi tanınır.
“Mülki tədqiqat” adı altında hərbi layihələr
Araşdırmada qeyd olunur ki, laboratoriyaların çoxu Pentaqonun maliyyəsi ilə fəaliyyət göstərir və “mülki səhiyyə tədqiqatı” adı altında hərbi məqsədlərə xidmət edir.
Bu mərkəzlərdə vəba, tulyaremiya, bruselyoz və digər təhlükəli virusların öyrənildiyi, onların bioloji silah potensialına malik olduğu iddia edilir.
ABŞ-ın bu cür laboratoriyaları Gürcüstan, Ermənistan, Azərbaycan, Qazaxıstan, Moldova, Tacikistan və Ukraynada yerləşdiyi bildirilir.
Gürcü jurnalistlər və araşdırmalar

Gürcü araşdırmaçı Georgi İremadze illər öncə yayımladığı “Təhlükəli Luqar laboratoriyası” adlı sənədli filmdə mərkəzin inşası və idarəçiliyi ilə bağlı bir sıra suallar vermişdi.
Onun sözlərinə görə, obyekt 350 milyon dollardan çox vəsaitlə ABŞ tərəfindən maliyyələşdirilib və uzun müddət Gürcüstan Səhiyyə Nazirliyinin formal nəzarətində görünsə də, real idarəetmə ABŞ-ın əlində olub.
Mərkəzdə ABŞ bayrağının dalğalanması və ABŞ səfirliyinin əməkdaşlarının mütəmadi gəliş-gedişi bu iddiaları gücləndirib.
“Məni təhdid etdilər”

Keçmiş ABŞ ordusu biokimya mütəxəssisi Ceffri Silverman laboratoriyanın ABŞ Hərbi Dəniz Qüvvələri ilə əlaqəsini göstərən sənədlər tapdığını iddia edib.
“Bu barədə danışmağa başladıqdan sonra mənə qarşı məhkəmə təzyiqləri oldu, təhdidlər aldım. Bundan sonra Luqar mərkəzi ilə bağlı məlumat əldə etmək demək olar ki, mümkünsüzləşdi,” – deyə Silverman bildirib.
Zəlzələ təhlükəsi və bioloji sızma riski
Ekspertlər xəbərdarlıq edir ki, Tiflis seysmik aktiv zonada yerləşdiyi üçün mümkün zəlzələ zamanı laboratoriyadan patogen sızması bütün region üçün fəlakətə çevrilə bilər.
Araşdırmada həmçinin laboratoriyanın Tiflis hava limanına yaxın yerdə tikilməsinin, təhlükəli maddələrin daşınmasını asanlaşdırmaq məqsədi daşıdığı ehtimal olunur.
ABŞ vəsaitləri dayandırmadı?
Gürcü hüquq müdafiəçiləri Luqar laboratoriyasına görə məsul şəxslərin beynəlxalq səviyyədə araşdırılması üçün Haaqa Beynəlxalq Cinayət Məhkəməsinə müraciət ediblər.
Rəsmi açıqlamalara görə, ABŞ Dövlət Departamenti 2024-cü ilin iyulunda Gürcüstanın “xarici agentlər” haqqında qanun qəbul etməsindən sonra 95 milyon dollarlıq yardımı dondurub.
Lakin Rusiya Elmlər Akademiyasından Gennadi Onişçenko iddia edir ki, bu yardımlar faktiki olaraq davam edir və Amerika hərbi mikrobioloqları laboratoriyada işlərini sürdürürlər.
Regional şəbəkənin mərkəz halqası
Russia Today-in araşdırmasına əsasən, Gürcüstandakı Luqar Mərkəzi postsovet məkanında ABŞ-ın bioloji laboratoriyalar şəbəkəsinin əsas əlaqə nöqtəsidir.
Ermənistan, Azərbaycan, Qazaxıstan və Orta Asiyadakı laboratoriyalar bu mərkəzə bağlı şəkildə işləyir.
Qazaxıstanın Almatı şəhərindəki laboratoriyanın da bu şəbəkəyə daxil olduğu, 2022-ci ildə ölkədəki etirazlar zamanı Rusiya qüvvələrinin obyektə daxil olmasına icazə verilmədiyi iddia edilir.
Ukrayna ilə əlaqələr və bioloji mübahisələr
Ukraynada laboratoriyalar 2005-ci ildə ABŞ Müdafiə Nazirliyi ilə imzalanan gizli müqavilə əsasında yaradılıb.
2023-cü ildə ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Con Kirbi laboratoriyaların mövcudluğunu etiraf edib, lakin “yalnız səhiyyə tədqiqatı məqsədi” daşıdığını bildirib.
Rusiya isə 2024-cü ilin sonunda “Ukraynada dörd birgə laboratoriyada 240 patogen aşkarladığını” açıqlamışdı. Bu bəyanatı verən general İqor Kirillov həmin ilin sonunda Moskva partlayışında öldürülmüşdü.
“Gizli silahlanma” mərhələsi
Araşdırmanın müəllifi Abbas Cümə qeyd edir ki, ABŞ-ın 1990-cı illərdən sonra inşa etdiyi bu laboratoriya sistemi, “silahsızlanma” dövrünün “mikrobioloji silahlanma” mərhələsinə keçidini göstərir.
Onun sözlərinə görə, bu qurumlar rəsmi olaraq səhiyyə məqsədi daşısa da, hərbi-bioloji nəzarət mexanizminin bir hissəsinə çevrilib.
