ABŞ-ın 1 Milyon Dollarlıq “Gold Card” Vizası Varlılara Verilən İmtiyaz Kimi Tənqid Olunur

3 Dəq Oxuma Müddəti

ABŞ-dan varlılara yönəlmiş yeni immiqrasiya addımı

ABŞ Prezidenti Donald Tramp, ən azı 1 milyon dollar ödəyən xarici vətəndaşlara sürətləndirilmiş viza və vətəndaşlıq yolu açan yeni “Gold Card” proqramını rəsmən istifadəyə verib. Tramp sosial şəbəkədə yayımladığı açıqlamada kartın “təhlükəsizlik yoxlamasından keçən şəxslərə birbaşa vətəndaşlıq yolu” təqdim etdiyini qeyd edib və “Amerika şirkətləri əhəmiyyətli istedadlarını qoruyacaq” deyə bildirib.

Proqramın rəsmi məlumatlarında qeyd olunur ki, “Gold Card” ABŞ-a “mühüm töhfə” verə biləcəyini sübut edən şəxslərə təqdim olunacaq. Bu təşəbbüs Vaşinqtonun immiqrasiya nəzarətlərini ən sərt şəkildə genişləndirdiyi bir dövrdə həyata keçirilir.

1 milyon dollara sürətli oturum

Proqramın şərtlərinə əsasən, 1 milyon dollarlıq ödəniş müraciət edən şəxsin ölkəyə əhəmiyyətli fayda verəcəyinə sübut kimi qiymətləndirilir. İşçilərinə bu yolla dəstək vermək istəyən şirkətlər isə 2 milyon dollar ödəməlidir.

Yaxın vaxtlarda “platinum” adlı xüsusi variantın da istifadəyə veriləcəyi, bu versiya üçün 5 milyon dollar tələb olunacağı bildirilib. Bundan əlavə, hər bir ərizəçi geri qaytarılmayan 15 min dollarlıq əməliyyat rüsumu ödəməlidir. Bəzi hallarda əlavə dövlət rüsumları da tətbiq oluna bilər.

Varlılara verilən imtiyazlar mübahisə yaradır

Fevral ayında ilk dəfə açıqlanan proqram xüsusilə Demokratlar tərəfindən sərt tənqid edilir. Tənqidlərə əsasən, ABŞ hökuməti varlı şəxslərə xüsusi imtiyaz yaratmaqla sosial ədalət prinsipini pozur.

Tramp isə “Gold Card”ın yalnız “yüksək səviyyəli mütəxəssislərə” yönəldiyini və bu şəxslərin ABŞ iqtisadiyyatına töhfə verəcəyini bildirir. O, 5 milyon dollar ödəyəcək şəxslərin ölkədə yeni iş yerləri yaradacağını iddia edərək proqramın “çox sürətlə diqqət görəcəyini” deyir.

Tramp kartı adi yaşıl kartla müqayisə edərək, vətəndaşlığa müraciət prosesinin standart halda beş il çəkdiyini xatırladıb.

Tramp administrasiyasının sərtləşən miqrasiya xətti

Tramp administrasiyası immiqrasiya siyasətində son aylarda ciddi sərtləşdirmələr edib. ABŞ, prezidentin səyahət qadağasına daxil edilən və əksəriyyəti Afrika ilə Qərbi Asiyada yerləşən 19 ölkənin vətəndaşlarının miqrasiya müraciətlərini tamamilə dayandırıb.

Sığınacaqla bağlı bütün qərarlar dondurulub və Bayden dövründə təsdiqlənmiş minlərlə iş yenidən araşdırılacaq.

Sentyabrda Tramp, ixtisaslı xarici işçilər üçün H-1B vizası müraciətlərinə 100 min dollarlıq rüsum tətbiq ediləcəyini açıqlayıb. Bu qərar ABŞ-da təhsil alan xarici tələbələr və texnologiya şirkətləri arasında ciddi narahatlıq yaradıb. Ağ Ev daha sonra bu ödənişin yalnız ABŞ xaricində müraciət edənlər üçün keçərli olacağını bildirib.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş