Trampın dəstəyində kəskin eniş
Böyük Britaniyanın The Economist jurnalı ilə YouGov şirkətinin apardığı yeni ictimai rəy sorğusu ABŞ Prezidenti Donald Trampın dəstək səviyyəsinin kəskin şəkildə azaldığını ortaya qoyub. Nəticələrə əsasən, Trampın fəaliyyətini bəyənənlərin faizi 39%-ə enib. Bu, onun ikinci prezidentlik müddətində qeydə alınan ən aşağı göstəricidir.
Sorğuya görə, Trampın siyasətini dəstəkləməyənlərin faizi isə 57%-ə yüksəlib. Bu rəqəm də indiyədək qeydə alınmış ən yüksək göstərici hesab olunur.
Ən zəif nəticə: iqtisadiyyat və sosial məsələlər
Respondentlər arasında Trampın fəaliyyəti ilə bağlı mənfi qiymətləndirmə əsasən iqtisadiyyat, inflyasiya, immiqrasiya, vətəndaş haqları, cinayətkarlıq və silah məsələlərində üstünlük təşkil edib. Bir həftə əvvəl keçirilən sorğuda dəstək faizi 41% idi.
“YouGov”un ictimaiyyətlə əlaqələr rəhbəri bildirib ki, bu, Trampın ikinci müddətində keçirilən həftəlik sorğular arasında ən zəif nəticədir.
Respublikaçılar üçün siyasi risk
Siyasi analitiklərin fikrincə, Trampın dəstəyindəki bu azalma xüsusilə müstəqil seçicilər və latın amerikalılar arasında müşahidə olunub. Bu isə 2026-cı il aralıq seçkilərində Respublikaçı Partiyanın mövqeyini zəiflədə bilər. Tarixi nümunələr göstərir ki, prezidentin dəstəyi aşağı olduqda, hakim partiya adətən Konqresdə yerlər itirir.
Keçmiş ABŞ Əmək naziri Robert Rayx Trampın dəstəyinin “dağıldığını” bildirərək, səbəb kimi onun fəhlə sinfinə yardım edə bilməməsini və Epsteyn qalmaqalını göstərib.
Trampın cavabı
Tramp isə Truth Social platformasında yazıb ki, Respublikaçılar yaxın vaxtlarda aralıq seçkiləri ilə bağlı böyük bir konfrans keçirəcək və əldə edilən uğurları nümayiş etdirəcəklər. Onun sözlərinə görə, bu tədbir “çox xüsusi bir hadisə olacaq”.