ABŞ-da Sorğu: Demokrat Seçicilərin Yarısı AIPAC-ın Dəstəklədiyi Namizədlərə Səs Verməyəcək

3 Dəq Oxuma Müddəti

Sorğu: Demokrat seçicilər İsrail lobisindən uzaqlaşır

ABŞ-da aparılan yeni ictimai rəy sorğusu, Demokrat Partiyası seçiciləri arasında İsrail lobisinə qarşı antipatiyanın rekord səviyyəyə çatdığını göstərib.

Common Dreams xəbər portalının yayımladığı məlumatda bildirilir ki, sorğu Qəzzada iki ildən artıq davam edən soyqırım və İsrailin müharibə cinayətləri fonunda, seçicilərin İsrailə və onu dəstəkləyən siyasi qüvvələrə inamını ciddi şəkildə itirdiyini ortaya qoyub.

Sorğu Upswing Strategies adlı tədqiqat şirkəti tərəfindən İllinoys, Miçiqan, Minnesota və Pensilvaniya ştatlarında 850 demokrat seçici arasında aparılıb.

Nəticələrə əsasən, respondentlərin 48 faizi “AIPAC və ya İsraili dəstəkləyən lobbilərdən maliyyə alan heç bir Konqres namizədinə səs verməyəcəyini” bildirib.

AIPAC dəstəyi – artıq mənfi təsir yaradır

Sorğu nəticələrinə görə, seçicilərin 28 faizi “heç bir halda AIPAC tərəfindən dəstəklənən namizədin lehinə səs verməyəcəyini” açıq şəkildə ifadə edib. Yalnız 40 faiz respondent belə namizədləri digər məsələlərdə razı olduqları halda dəstəkləyə biləcəyini söyləyib, lakin bu fikri tam dəstəkləyənlərin sayı cəmi 10 faiz olub.

Bu göstəricilər, ABŞ siyasətində uzun illər dəyişməz qalan güc balansının pozulduğunu göstərir.

“Siyasi qaydalar dəyişir”

Jewish Currents jurnalının redaktoru, tanınmış yəhudi yazıçı və analitik Piter Beynart nəticələri şərh edərək deyib:

“Son 50 il ərzində Vaşinqton siyasətinə yön verən qaydalar artıq dəyişir. AIPAC-ın dəstəyi əvvəlcə üstünlük sayılırdısa, indi bəzən siyasi riskə çevrilib.”

Beynartın fikrincə, İsrailin Qəzzadakı hərbi əməliyyatları və fələstinlilərə qarşı törətdiyi zorakılıqlar, ABŞ ictimaiyyətində, xüsusilə də Demokrat elektoratında ciddi etiraz dalğası yaradıb.

Lobbi artıq yükə çevrilir

Hesabatda qeyd olunur ki, AIPAC 2024-cü il seçkilərində 152 Demokrat deputata 28 milyon dollardan çox maliyyə dəstəyi verib. Lakin bu dəstək artıq partiya daxilində narazılıq yaradır.

AIPAC-ın yardımı ilə bəzi proqressiv siyasətçilərin, o cümlədən Kori BuşCemal Bouman kimi İsrail tənqidçilərinin vəzifədən uzaqlaşdırıldığı bildirilir.

Lakin sorğunun nəticələri göstərir ki, ABŞ-da xüsusilə gənc və sol yönümlü seçicilər arasında İsrailə simpatiya sürətlə azalır, bu da gələcək seçkilərdə AIPAC üçün ciddi siyasi itkilər yarada bilər.

Yeni siyasi dönəm başlayır

Ekspertlərə görə, bu sorğu ABŞ siyasətində mühüm dönüş nöqtəsidir: artıq İsrail lobbiləri Demokrat Partiyası daxilində siyasi üstünlükdən çox, reputasiya riskinə çevrilməkdədir.

Fəallar hesab edirlər ki, Qəzzadakı insanlıq faciəsi ABŞ seçiciləri üçün mənəvi bir sınaq olub və seçicilər “insan haqlarını tapdalayan hər hansı lobbi və siyasətçidən uzaq durmaq” mövqeyini açıq şəkildə nümayiş etdirirlər.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş