Minneapolisdə ölümcül insident
ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində Köç və Gömrük Mühafizəsi Xidməti (ICE) əməkdaşlarının miqrantlara qarşı keçirdiyi əməliyyat zamanı ağır insident baş verib. Rəsmi məlumatlara görə, əməliyyatı müşahidə edən ABŞ vətəndaşı olan bir qadın avtomobilində olarkən ICE polisi tərəfindən atəşə tutulub və hadisə yerində həyatını itirib. Hadisə qısa müddətdə ölkə miqyasında geniş rezonans doğurub.
Daxili Təhlükəsizlik Nazirliyinin mövqeyi
ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin sözçüsü Tricia Maklaflin hadisədən sonra mediaya verdiyi ilk yazılı açıqlamada bildirib ki, qadın guya polis əməkdaşını avtomobillə vurmağa cəhd edib. Nazirliyin iddiasına görə, atəş açılması məhz bu təhlükə fonunda baş verib.
Nazir Kristi Noem də sonradan verdiyi bəyanatda oxşar mövqe sərgiləyərək, qadının ICE əməkdaşlarını “əzməyə çalışdığını” və avtomobili ilə onların üzərinə sürdüyünü iddia edib. Noem bildirib ki, ICE əməkdaşlarından biri özünü və ətrafdakıları qorumaq məqsədilə “sürətli və müdafiə xarakterli” qərar verərək atəş açıb.
Minnesota qubernatorundan sərt etiraz
Minnesota ştatının qubernatoru Tim Volts isə sosial şəbəkə X-də paylaşdığı açıqlamada Kristi Noemin sözlərini kəskin tənqid edib. Volts qadının avtomobili “silah kimi istifadə etdiyi” iddiasını qətiyyətlə rədd edərək, hadisənin videosunu izlədiyini bildirib və ictimaiyyəti rəsmi açıqlamalara kor-koranə inanmağa çağırmayıb.
“ICE təhlükəsizlik üçün burada deyil”
Minneapolis şəhərinin meri Ceykob Frey də keçirdiyi mətbuat konfransında Daxili Təhlükəsizlik Nazirliyinin açıqlamalarını sərt dillə tənqid edib. O bildirib ki, ICE şəhərdə təhlükəsizlik yaratmaq üçün deyil, əksinə, xaos və qorxu mühiti formalaşdırmaq üçün fəaliyyət göstərir. Frey ICE əməkdaşlarının şəhərdən getməli olduğunu açıq şəkildə bəyan edib.
Mer qətlə yetirilən qadının adını açıqlamasa da, onun 37 yaşında olduğunu bildirib və hadisə ilə bağlı dərhal təcili istintaqın başlanmasına çağırıb.
Qurban “müşahidəçi” olub
Minneapolis Şəhər Şurasının üzvü Ceyson Çaves ABC News-a açıqlamasında bildirib ki, öldürülən qadın hər hansı aksiyanın iştirakçısı deyil, sadəcə miqrant qonşularını qorumaq məqsədi ilə əməliyyatları izləyən “müşahidəçi” olub.
Trampdan “özünümüdafiə” açıqlaması
ABŞ Donald Trump isə Truth Social hesabında paylaşdığı açıqlamada hadisəni “dəhşətli” adlandırsa da, ICE əməkdaşlarının hərəkətlərini müdafiə edib. Tramp qadını “peşəkar provokator” kimi xarakterizə edərək, avtomobili qəsdən ICE əməkdaşının üzərinə sürdüyünü və polisin özünü müdafiə etdiyini iddia edib.
O, hadisənin məsuliyyətini “radikal sol”un üzərinə ataraq, bu qrupların miqrasiya ilə məşğul olan hüquq-mühafizə orqanlarını hədəfə aldığını bildirib və ICE əməkdaşlarının arxasında olduğunu bir daha vurğulayıb.
Hadisə anının görüntüləri
Sosial şəbəkələrdə yayılan videolarda qadının avtomobilində dayanaraq əməliyyatı izlədiyi, ICE polisinin zorla avtomobilin qapısını açmağa çalışdığı görünür. Bundan sonra qadının qaçmağa cəhd etdiyi, digər ICE əməkdaşının isə yaxın məsafədən üç dəfə atəş açdığı diqqət çəkir. Videoda ətrafdakı vətəndaşların polisə etiraz etdiyi və yaralı qadına ilkin tibbi yardım göstərməyə çalışdığı əks olunub.
CNN-in məlumatına görə, Tramp administrasiyası miqrasiya ilə mübarizə çərçivəsində Minneapolis şəhərində təxminən 2 min ICE əməkdaşını yerləşdirib.
