Tramp administrasiyası yeni araşdırma mexanizmi hazırlayır
ABŞ Prezidenti Donald Tramp administrasiyasının Joe Bayden dövründə ölkəyə qəbul edilmiş bütün qaçqınlar üçün yeni və geniş araşdırma prosesi tətbiq etməyə hazırlaşdığı iddia olunub. Associated Press-in əldə etdiyi və ABŞ Vətəndaşlıq və Miqrasiya Xidməti (USCIS) direktoru Cozef Edlou tərəfindən imzalanmış sənəddə bildirilir ki, Bayden dövründə qəbul prosesindəki “sürət və çoxluq”, təhlükəsizlik və detallı yoxlamaların geridə qalmasına səbəb olub.
Sənəddə 20 yanvar 2021–20 fevral 2025 tarixləri arasında ABŞ-a gətirilən bütün şəxslər üçün “hərtərəfli yenidən araşdırma və təkrar müsahibə” planlaşdırıldığı vurğulanır. Bu çərçivədə 90 gün ərzində təkrar müsahibəyə çağırılacaq şəxslərin siyahısının hazırlanacağı qeyd edilir.
Yaşıl kart sahibləri də prosesə daxil ediləcək
Sənəddə həmçinin federal hökumət tərəfindən qoruma statusu ilə qəbul olunub artıq yaşıl kart əldə etmiş şəxslərin də dosyalarının yenidən yoxlanacağı bildirilir. USCIS-in araşdırma nəticəsində şəxsin qoruma statusuna uyğun olmadığına qərar verməsi halında bu qərara etiraz imkanı olmayacaq. Yalnız proses deportasiya mərhələsinə keçərsə, həmin şəxslər immiqrasiya məhkəməsində özlərini müdafiə edə biləcəklər.
USCIS sənəddə “qanunların yerinə yetirilməsinə və qəbul proqramının sui-istifadədən qorunmasına sadiq olduğunu” bildirir.
Rəsmi açıqlama yoxdur
Hazırda USCIS, Daxili Təhlükəsizlik Nazirliyi və Ağ Ev bu iddialarla bağlı rəsmi açıqlama verməyib. Məsələ yaxın günlərdə ABŞ ictimaiyyətində geniş müzakirəyə səbəb ola bilər.
Bayden dövründə 125 min nəfər qəbul edilmişdi
Joe Bayden administrasiyası dövründə Birləşmiş Ştatlara qəbul edilən qoruma statuslu şəxslərin sayı 125 minə çatmışdı. Tramp administrasiyası isə 2026-cı il maliyyə ilində bu sayın 7 min 500-lə məhdudlaşdırılacağını elan etmişdi.
