ABŞ-da 2000 Vətəndaşdan Qanunsuz DNT Nümunəsi Toplanıb

2 Dəq Oxuma Müddəti

ABŞ gömrüyü vətəndaşlardan DNT topladı

The Guardian qəzetinin araşdırmasına görə, ABŞ Gömrük və Sərhəd Mühafizəsi (CBP) 2020–2024-cü illər arasında təxminən 2000 vətəndaşdan DNT nümunələri götürüb. Bu şəxslərin bir çoxuna heç bir ittiham irəli sürülməyib. Hətta 14 yaşlı yeniyetmələrdən də genetik material toplandığı məlum olub.

Məsələn, 2021-ci ilin martında 25 yaşlı bir amerikalı Çikaqo Midway hava limanında saxlanılaraq, heç bir ittiham olmadan yanaqdan nümunə götürülüb. Daha sonra həmin məlumat Federal Təhqiqatlar Bürosunun (FTB) bazasına ötürülüb.


Hüquqşünaslardan sərt tənqid

Corctaun Universitetinin Məxfilik və Texnologiya Mərkəzinin araşdırmasına əsasən, toplanan nümunələr FTB-nin Codis adlı federal genetik məlumat bazasında saxlanılır. Bu bazadan ölkə üzrə hüquq-mühafizə orqanları istifadə edir.

Mərkəzin nümayəndəsi Stevi Qlabirson bunu “səlahiyyətlərin açıq-aşkar sui-istifadəsi” adlandırıb:
“Daxili Təhlükəsizlik Nazirliyi hüquqi əsas olmadan amerikalılardan DNT toplayır. Bu, Konstitusiyanın dördüncü düzəlişinin pozulmasıdır.”

Onun sözlərinə görə, mövcud qanun sərhəd xidmətinə yalnız cinayətkarlar, ittiham olunan və ya saxlanılan şəxslərdən DNT toplamağa icazə verir. Lakin açıqlanan yeni məlumatlar göstərir ki, çox vaxt heç bir hüquqi səbəb olmadan belə nümunələr götürülüb.


Uşaqlardan da DNT götürülüb

Əvvəlki hesabatlarda məlum olub ki, CBP miqrant uşaqlarından da geniş şəkildə genetik məlumat toplayıb. Təxminlərə görə, 133 mindən çox yeniyetmə və uşaqdan toplanmış həssas DNT məlumatları federal cinayət bazasında daimi saxlanılır.

Yeni sənədlər isə bu dəfə ABŞ vətəndaşlarına aid faktları üzə çıxarıb. Onların arasında 40 nəfərin heç bir ittiham olmadan DNT-si götürülərək FTB-yə göndərilib. Bu şəxslərin altısı azyaşlı olub.

Qanuni boşluq və narahatlıq

Araşdırma nəticəsində məlum olub ki, təxminən 2000 nəfərdən toplanmış DNT nümunələrinin 865 halında heç bir federal ittiham irəli sürülməyib. Bu isə o deməkdir ki, həmin proses məhkəmə nəzarətindən kənarda baş verib.

Mütəxəssislər xəbərdarlıq edir ki, bu praktika ABŞ Konstitusiyasına zidd olmaqla yanaşı, vətəndaşların şəxsi azadlıqlarını ciddi şəkildə təhdid edir.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş