Tramp və Məmdani Ağ Evdə Görüşdü: “Uzlaşdığımız Məqamlar Daha Çoxdur”

2 Dəq Oxuma Müddəti

Ağ Evdə Tramp–Məmdani görüşü: “Birlikdə daha çox iş görə bilərik”

ABŞ Prezidenti Donald Tramp bu gün Ağ Evdə Nyu-York şəhərinin meri Zahran Məmdani ilə görüş keçirib. Oval kabinetdə baş tutan görüşdən sonra Tramp mətbuata açıqlamasında Məmdaninin “çox yaxşı iş görəcəyinə inandığını” bildirib.

Prezident vurğulayıb ki, merlə aralarında “anlaşdıqları məqamlar fikir ayrılıqlarından qat-qat çoxdur”:
“Düşünürəm ki, bəzi mühafizəkarları belə təəccübləndirəcək, çünki o, həqiqətən yaxşı idarəçi ola bilər. Liberal kəsim onsuz da onu sevir.”

Tramp əlavə edib ki, görüşdən sonra Nyu-Yorkda vəziyyətlə bağlı daha nikbin olduğunu hiss edir.

Məmdani: “Ağ Evdə diqqətimizi ortaq məqsədlərə yönəltdik”

Zahran Məmdani isə açıqlamasında Tramp ilə fərqli mövqelərinin çox olmasına baxmayaraq, onların Nyu-York sakinlərinə xidmət etmək kimi ortaq məqsədlər üzərində cəmləndiyini deyib:
“Bu, hazırda yaşayış xərcləri böhranı ilə üzləşən səkkiz milyon yarımdan çox insana təsir edə biləcək mühüm bir məqamdır.”

Mer bildirib ki, görüş zamanı İsrail tərəfindən həyata keçirilən qətliam və ABŞ hökumətinin bu prosesə maliyyə dəstəyi barədə də danışıb.

O əlavə edib ki, Nyu-York sakinlərinin narahatlıqlarını, xüsusilə vergi ödəyicilərinin pullarının öz şəhərlərinə yönəldilməsini istəmələrini Trampa birbaşa çatdırıb.

Trampın açıqlamaları: HƏMAS, Səudiyyə Ərəbistanı və beynəlxalq gündəm

Mətbuat konfransı zamanı Tramp ABŞ administrasiyasının “HƏMAS-ın tam silahsızlaşdırılması istiqamətində təzyiq göstərdiyini” bildirib. O həmçinin Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanla görüşünü “çox məhsuldar” adlandırıb:
“Vaşinqtona bir trilyon dollardan çox töhfə verildi… Bu gün ölkəyə 20 trilyon dollardan artıq investisiya axını var.”

Tramp bunun ABŞ iqtisadiyyatına böyük təsir göstərdiyini vurğulayıb.

Görüşdən sonra Tramp Livan Prezidenti Cozef Aunu ABŞ-a dəvət edəcəyini açıqlayıb. Ukrayna müharibəsi ilə bağlı sualı cavablandırarkən isə o, məsuliyyəti keçmiş prezident Co Baydenin üzərinə qoyub.

Görüşün siyasi əhəmiyyəti

Analitiklər Tramp–Məmdani görüşünü ABŞ-da federal və yerli səviyyədə gərgin siyasi mühitin fonunda mühüm mesaj kimi qiymətləndirirlər. Hər iki tərəfin dialoq və əməkdaşlıq vurğusu, xüsusilə Nyu-Yorkdakı sosial-iqtisadi böhran fonunda diqqət çəkir.

Görüş həm daxili siyasətdə, həm də Yaxın Şərq, Körfəz regionu və Ukrayna ilə bağlı açıqlamalar baxımından gündəmin əsas başlıqlarından birinə çevrilib.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş