Ermənistandan azərbaycanlıların kütləvi qovulması
1988-ci ilin əvvəlindən etibarən Ermənistanın Azərbaycana qarşı açıq təcavüz siyasəti yeni mərhələyə qədəm qoydu. Mərkəzi rəhbərliyin, xüsusilə SSRİ rəhbəri Mixail Qorbaçovun biganə münasibətini görən Ermənistan rəhbərliyi planlı şəkildə Ermənistanda yaşayan 200 mindən çox azərbaycanlını öz doğma torpaqlarından zorla çıxardı. Azərbaycanlılar yalnız ev-eşiklərindən qovulmadı, həm də amansızlıqla qətlə yetirilir, diri-diri yandırılırdı.
Bu vəhşiliklərə baxmayaraq, Moskva rəhbərliyi heç bir tədbir görmədi. Ardınca ermənilər Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağda ixtişaşlar törədərək bölgənin Ermənistana birləşdirilməsi iddiasını irəli sürdülər.
Azərbaycanın ayağa qalxması
Baş verən haqsızlıqlara qarşı Azərbaycan xalqı ilk vaxtlar öz narazılığını sakit şəkildə rəhbərliyə çatdırmağa çalışdı. İnsanlar Moskvaya və yerli hakimiyyətə ümid edirdilər. Mitinglərdə qaldırılan şüarlar və daşıdıqları portretlər bu inamın göstəricisi idi.
Lakin vəziyyət qısa müddətdə aydın oldu: nə Moskva, nə də Azərbaycanın o dövrdəki rəhbərliyi həqiqi tədbir görməyə hazır deyildi. Bununla bağlı narazılıq böyüdü və ölkənin bütün bölgələrindən insanlar Bakıya axışaraq Azadlıq meydanında toplaşmağa başladılar.
17 Noyabr mitinqi: milli hərəkatın başlanğıcı
1988-ci il noyabrın 17-də Bakının əsas meydanı olan Azadlıq meydanında xalqın narazılıq səsi rəsmi şəkildə güclü şəkildə yüksəldi. Bu mitinq Sovet dövlətinin Azərbaycan xalqına qarşı apardığı anti-Azərbaycan siyasətinə etiraz olaraq başlandı və günlərlə davam edən, sonu bilinməyən xalq hərəkatına çevrildi.
Xalq vahid mövqedə birləşmişdi. Bu, təkcə etiraz deyildi — milli azadlıq hərəkatının başlanğıcı idi. Dekabr ayının əvvəlində sovet qoşunları tərəfindən mitinq dağıdılsa da, artıq Azərbaycan cəmiyyətində dirçəlişin geri dönməz mərhələsi başlanmışdı.
Bu proses Azərbaycanın müstəqillik yolundakı ən mühüm siyasi hadisələrdən biri kimi dəyərləndirilir və həmin gün milli şüurun oyanışı ilə tarixə düşüb.
Milli Dirçəliş Gününün rəsmi təsisi
Azərbaycan 1992-ci ildən etibarən 17 noyabrı Milli Dirçəliş Günü kimi qeyd edir. Bu tarix xalqın azadlıq iradəsini göstərən mühüm bir mərhələdir və müstəqilliyə gedən yolun ideoloji əsasını təşkil edib.
2006-cı ildən etibarən qanunvericiliyə uyğun olaraq, bayram istirahət gününə təsadüf edərsə, növbəti iş günü istirahət günü hesab olunur.
