Dik Çeyni 84 yaşında vəfat etdi
ABŞ-ın keçmiş vitse-prezidenti və “İraq müharibəsinin memarı” kimi tanınan Dik Çeyni 84 yaşında dünyasını dəyişib. Onun ölümü ilə müasir ABŞ tarixinin ən mübahisəli və dağıdıcı simalarından biri səhnəni tərk edib.
Lakin ekspertlərin və ictimaiyyətin fikrincə, Çeyninin simvolizə etdiyi zorakılıq, mənfəətpərəstlik və müharibə siyasəti hələ də Vaşinqtonun əsas dayaqları arasında qalır.
“Terrora qarşı müharibə”nin memarı
Çeyni 2001–2009-cu illərdə Corc Buş administrasiyasında vitse-prezident olub və “Terrora qarşı müharibə” strategiyasının əsas memarlarından biri kimi tarixə düşüb. O, İraqın “kütləvi qırğın silahları”na sahib olduğu barədə yalan məlumatların yayılmasında başlıca rol oynayıb.
Bu iddialar nəticəsində ABŞ və müttəfiqləri 2003-cü ildə İraqa hücum edərək milyonlarla insanın ölümünə və on milyonlarla şəxsin didərgin düşməsinə səbəb olan müharibəni başladıb.
“Patriotizm adı ilə cinayətlər”
Siyasi müşahidəçilər bildirirlər ki, həm Demokratlar, həm də Respublikaçılar son illərdə Çeyninin keçmiş fəaliyyətini “xidmət” kimi təqdim edərək onu ağardırlar. Halbuki onun siyasəti nəticəsində Yaxın Şərqdə kütləvi insan tələfatı və dağıntılar baş verib.
Bir çox analitiklər bu münasibəti “Vaşinqtonun gücün ədalətdən üstün tutulduğu reallığı” kimi qiymətləndirir.
Sosial mediada sərt reaksiyalar
Dik Çeyninin ölümü sosial mediada fərqli, lakin əsasən tənqidi reaksiyalar doğurub. Minlərlə istifadəçi onun ölümünü “ədalətin gec də olsa yerini tapması” kimi dəyərləndirib.
Sosial şəbəkə istifadəçilərindən bəziləri “Yaxşı qurtulduq, qaniçən getdi” kimi sərt ifadələrlə paylaşım ediblər. Digərləri isə Çeyninin yaratdığı siyasi və iqtisadi sistemin hələ də mövcud olduğunu vurğulayıb.
Bir istifadəçi yazıb:
“Dik Çeyni getdi, amma onun mirası – müharibədən qazanc əldə edən korporativ imperiya – hələ də yaşayır.”
“Qaranlıq dövrün sonu, lakin sistem qalır”
Siyasi şərhçilər hesab edirlər ki, Çeyninin ölümü ilə ABŞ-ın ən qaranlıq səhifələrindən biri bağlanır, lakin onun qurduğu sistem – yalan, mənfəət və cəzasızlıq üzərində qurulmuş struktur – hələ də yerindədir.
Dik Çeyni 1990-cı illərdən etibarən Halliburton şirkəti ilə yaxın əlaqələrinə görə tənqid olunurdu. Onun vitse-prezidentlik dövründə həmin şirkət İraq müharibəsi zamanı milyardlarla dollarlıq müqavilələr əldə etmişdi.
