Sionist “Knesset”in Qərarı Fələstin Qruplarından Sərt Reaksiya Doğurdu

3 Dəq Oxuma Müddəti

HƏMAS: Qərb sahilinin ilhaqı qanunsuzdur

Fələstin İslam Müqavimət Hərəkatı – HƏMAS bu gün verdiyi bəyanatda İsrail “Knesset”inin İordan çayının Qərb sahilini ilhaq etməyə və “Maale Adumim” adlı yaşayış məntəqəsinə “suverenlik” tətbiq etməyə dair iki qanun layihəsini ilkin oxunuşda təsdiqləməsini “işğalın müstəmləkəçi simasının açıq təzahürü” kimi dəyərləndirib.

HƏMAS bildirib ki, işğal rejimi “müstəmləkə siyasətini qanuniləşdirmək və sionist suverenliyini işğal olunmuş fələstin torpaqlarına yaymaq” cəhdlərini davam etdirir. Bu addımların bütün beynəlxalq qanun və qərarları kobud şəkildə pozduğu vurğulanıb.

Hərəkatın bəyanatında qeyd olunub ki, “işğalın İordan çayının Qərb sahilini ilhaq etmək yönündə hər cəhdi batil və qeyri-qanunidir. Bu torpaqlar tarix və beynəlxalq hüquqa əsasən Fələstinə məxsusdur.” HƏMAS həmçinin 2024-cü ildə Beynəlxalq Ədalət Məhkəməsinin bu istiqamətdə verdiyi məsləhətçi rəyi xatırladıb.

Hərəkat İsrail rejimini “bu qanunların doğuracağı fəlakətli nəticələrə görə məsuliyyət daşımaqda” ittiham edib və Birləşmiş Millətlər Təşkilatını, Ərəb Dövlətləri Liqasını və İslam Əməkdaşlıq Təşkilatını bu addımı qınamağa, işğalın siyasətini dayandırmaq və sionist rəhbərləri beynəlxalq hüququ pozduqlarına görə cavab verməyə çağırıb.

Fəth: Tarixi həqiqətləri dəyişmək mümkün deyil

Fələstin Azadlıq Hərəkatı – Fəth isə “Knesset”in Qərb sahilinin ilhaqına dair qanun layihəsini ilkin oxunuşda qəbul etməsinin “tarixi və hüquqi həqiqətləri dəyişdirə bilməyəcəyini” bildirib.

Hərəkat beynəlxalq ictimaiyyəti İsrailin “işğal və məskunlaşdırma siyasətinə qarşı qəti mövqe tutmağa” çağırıb. Fəth xəbərdarlıq edib ki, bu cür addımlar bölgədə qarşıdurmaları daha da dərinləşdirəcək və yeni gərginlik ocaqları yaradacaq.

Demokratik Cəbhə: “İlhaq qanunu siyasi soyqırşdır”

Fələstin Azadlığı üçün Demokratik Cəbhə bəyan edib ki, Qərb sahilinin ilhaqını nəzərdə tutan qanun “siyasi soyqırım elanıdır” və beynəlxalq legitimliyə qarşı açıq üsyandır.

Cəbhə bu qərarı “işğalın yeni mərhələsi” adlandıraraq, beynəlxalq birliyi Fələstin xalqının hüquqlarını müdafiə etməyə çağırıb.

Müqavimət Komitələri: “Bu, soyqırımın yeni mərhələsidir”

Fələstin Müqavimət Komitələri də “Knesset”in qərarını kəskin şəkildə pisləyib. Təşkilatın bəyanatında bildirilir ki, bu qərar “fələstinlilərə qarşı soyqırımın, etnik təmizləmənin və məcburi köçürülmənin növbəti mərhələsini” təmsil edir.

Komitələr vurğulayıb ki, İsrailin bu siyasəti Qəzza və Qərb sahilində eyni vaxtda həyata keçirilən sistemli məhv planının tərkib hissəsidir.

İsrail mediası: Qanun layihəsinə “İsrail Torpağı Lobbi”si dəstək verib

İsrail mətbuatının məlumatına görə, “Knesset” bu gün Qərb sahilinə “suverenlik” tətbiqini nəzərdə tutan qanun layihəsini ilkin oxunuşda təsdiqləyib. Layihəyə “İsrail Torpağı Lobbi”si adlanan sağçı deputat qrupu tərəfindən güclü dəstək verilib.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş