Daxili Qoşunlara “Saxlama” Səlahiyyəti: Mülki Hüquqlara Hərbi Nəzarət Təhlükəsi

3 Dəq Oxuma Müddəti

Daxili qoşunlara yeni səlahiyyətlər verilir

Milli Məclis “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” yeni qanun layihəsini birinci oxunuşda qəbul edib. Layihə daxili qoşunların səlahiyyətlərini əhəmiyyətli dərəcədə genişləndirir və onların vətəndaşların saxlanılması prosesinə cəlb olunmasına imkan yaradır.

“Report”un məlumatına görə, sənəd 10 oktyabr tarixində parlamentin plenar iclasında müzakirə edilib. Qanun layihəsi daxili qoşunların fəaliyyətinin hüquqi əsaslarını, vəzifə və səlahiyyətlərini, maddi-texniki təminatını, habelə xüsusi vasitələrin və odlu silahların tətbiqi qaydalarını müəyyənləşdirir.

Yeni qanuna əsasən, daxili qoşunlar aşağıdakı hallarda şəxsləri saxlamaq hüququna malik olacaqlar:

  • İnzibati xəta və ya cinayət törətmiş, yaxud törətməkdə şübhəli bilinən şəxsləri;

  • Axtarışda olan və ya cəzaçəkmə müəssisəsindən qaçmış şəxsləri;

  • Fövqəladə və ya hərbi vəziyyəti, dini ekstremizm və terror əməliyyatları zonalarının hüquqi rejimini pozan şəxsləri;

  • Daxili qoşunların mühafizə etdiyi obyektlərə qanunsuz daxil olmağa cəhd edən şəxsləri.

Qanuna görə, saxlanılan şəxslərə dərhal səbəblər izah edilməli, hüquqları bildirilməli və tibbi yardım göstərilməlidir. Onlar ən yaxın polis orqanına təhvil verilməlidirlər.

Layihənin müəllifləri bu dəyişikliklərin ölkənin “müdafiə qabiliyyətini və daxili sabitliyini gücləndirəcəyini” bildirir.

Hüquqşünas: “Bu, hərbi qurumun polis funksiyasını mənimsəməsidir”

Hüquqşünas Səməd Rəhimli hesab edir ki, yeni layihə daxili qoşunların funksiyalarını köklü şəkildə dəyişir və hüquq-mühafizə sistemində sərtləşmə tendensiyasını dərinləşdirir:

“Hərbi təyinatlı quruma inzibati xəta törədən şəxsləri saxlamaq səlahiyyəti verilməsi hüquq mühafizə fəaliyyətinin hərbiləşməsini göstərir. Bu, dinc vətəndaşlara qarşı güc tətbiqi riskini artırır və xüsusilə icazəsiz aksiyalarda mütənasib olmayan müdaxilə təhlükəsi yaradır.”

Rəhimlinin sözlərinə görə, hazırda qüvvədə olan qanun daxili qoşunların qeyri-zorakı və icazəsiz mitinqlərin qarşısının alınmasına cəlb edilməsini qadağan edir. Yeni layihə isə bu prinsipi zəiflədir:

“İnzibati xəta törətməkdə şübhəli şəxslərin tutulması səlahiyyəti daxili qoşunlara etiraz aksiyalarında iştirak edən vətəndaşları saxlamaq imkanı verir. Azərbaycanda icazəsiz mitinqlər inzibati xəta hesab edildiyi üçün bu, daxili qoşunların etirazlara müdaxilə səlahiyyətini genişləndirir.”

Ekspertin fikrincə, bu dəyişiklik “polis səlahiyyətlərinin hərbiləşdirilməsi” tendensiyasını gücləndirir və vətəndaşların hüquqlarına təhdid yaradır.

Mülki idarəetmə və güc strukturları arasında sərhəd bulanır

Layihə rəsmi olaraq “ictimai sabitliyin qorunması” məqsədi daşısa da, hüquq ekspertləri hesab edir ki, bu dəyişiklik mülki idarəetmə ilə hərbi nəzarət arasında sərhədi daha da qeyri-müəyyənləşdirir.

Daxili qoşunların vətəndaşları saxlamaq səlahiyyətinə malik olması, faktiki olaraq, hərbi qurumların gündəlik mülki həyata inteqrasiyasını göstərir. Bu isə hüquqi məsuliyyətin paylanmasında, zorakılığın qarşısının alınmasında və vətəndaş azadlıqlarının qorunmasında yeni suallar yaradır.

Ekspertlər hesab edir ki, belə dəyişikliklər hüquq-mühafizə sisteminin balansını poza, güc strukturlarının səlahiyyətlərini qeyri-mütənasib şəkildə artıra bilər.

Yeni qanun layihəsi daxili qoşunlara polisə məxsus səlahiyyətlər qazandırır. Bu, ictimai sabitlik məqsədi daşısa da, hüquq müdafiəçilərinə görə, vətəndaş azadlıqları üçün ciddi risklər yarada və hərbi nəzarətin gündəlik həyata keçməsinə şərait yarada bilər.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş