Ben-Qvir hökumətə sərt xəbərdarlıq etdi
İsrailin milli təhlükəsizlik naziri və ifrat sağçı “Yəhudi Gücü” partiyasının lideri İtamar Ben-Qvir, Baş nazir Benyamin Netanyahuya qarşı açıq xəbərdarlıqla çıxış edib. Nazir bildirib ki, əgər İsrail hökuməti Qəzzada Həmasın idarəçiliyini tamamilə aradan qaldırmasa, partiyası koalisiyadan çıxacaq və hökumətin süqutuna səbəb olacaq.
Cümə axşamı günü yayımlanan rəsmi bəyanatda Ben-Qvir deyib: “Əgər Həmas hökuməti tam şəkildə dağıdılmasa, yaxud sadəcə simvolik olaraq ‘məhv edilib’ kimi göstərilərsə, ‘Yəhudi Gücü’ partiyası hökuməti devirmək üçün addım atacaq.”
Atəşkəs planı öncəsi gərginlik artır
Nazirin bu bəyanatı, Netanyahu hökumətinin Qəzzada atəşkəs və əsirlərin mübadiləsi planını təsdiqləmək üçün keçirəcəyi iclas ərəfəsində səsləndirilib.
Hökumət daxilindəki müzakirələr zamanı ifrat sağçı nazirlər atəşkəs razılaşmasının “Həmasa güzəşt” olduğunu iddia edərək buna qarşı çıxıblar.
Ben-Qvir və onun partiya yoldaşları atəşkəsin Həmasın siyasi mövqelərini gücləndirəcəyini, bunun isə İsrailin təhlükəsizlik maraqlarına zidd olduğunu iddia edirlər.
Həmas: “Müharibənin bitməsi və əsir mübadiləsi razılaşdırılıb”
Bundan öncə Həmas hərəkatı rəsmi açıqlama yayaraq, İsraillə vasitəçilər üzərindən aparılan danışıqlar nəticəsində yeni razılaşmaya varıldığını bəyan edib.
Açıqlamaya görə, razılaşma Qəzzadakı müharibənin dayandırılması, İsrail qüvvələrinin geri çəkilməsi, humanitar yardımın daxil olması və əsirlərin qarşılıqlı azad edilməsi ilə bağlıdır.
İsrail siyasətində yeni böhran riski
Siyasi müşahidəçilərin fikrincə, Ben-Qvirin açıqlaması Netanyahu hökumətinin daxilində artıq mövcud olan gərginliyi daha da dərinləşdirə bilər. “Yəhudi Gücü” və “Dini Sionizm” partiyalarının koalisiyadan çıxması halında, Netanyahu parlament çoxluğunu itirə və hökumət dağılma riski ilə üzləşə bilər.
Ekspertlər bildirirlər ki, Ben-Qvirin bu bəyanatı həm daxili ictimaiyyətdə siyasi təzyiq vasitəsi kimi istifadə olunur, həm də atəşkəs razılaşmasının həyata keçirilməsini çətinləşdirə bilər.