Hələbdə “QSD” ilə Hökumət Qüvvələri Arasında Şiddətli Döyüşlər

2 Dəq Oxuma Müddəti

Hələbdə gərginlik artır

Suriya mediasının verdiyi məlumata görə, Hələbin Şeyx Məqsud və Əşrəfiyyə məhəllələrində Suriya Demokratik Qüvvələri (“QSD”) ilə Suriya keçid hökumətinin Müdafiə Nazirliyinə tabe birləşmələr arasında şiddətli döyüşlər baş verib. Şəhərdə təhlükəsizlik vəziyyəti kəskin şəkildə pisləşib.

“QSD”-yə bağlı “Havar” agentliyi bildirib ki, hökumət qüvvələrinin məhəllələrin giriş-çıxış yollarını bağlaması səbəbindən keçirilən etiraz aksiyaları zamanı bir neçə nümayişçi gözyaşardıcı qazdan zəhərlənib. Eyni zamanda, həmin mənbələrə görə, hökumət qüvvələri Şeyx Məqsud və Əşrəfiyyə məhəllələrinə minaatanlarla zərbə endirib.

Qarşılıqlı atəş və itkilər

Suriya dövlət mediası – “SANA” və “əl-İxbariyyə” telekanalı isə “QSD”-nin hökumət qüvvələrinə məxsus təhlükəsizlik postlarını hədəfə aldığını, nəticədə bir təhlükəsizlik əməkdaşının həlak, üçünün isə yaralandığını bildirib. Məlumatda qeyd olunur ki, ağır pulemyotlarla açılan atəş nəticəsində bir neçə dinc sakin də xəsarət alıb.

Mənbələr həmçinin vurğulayıb ki, “QSD” qüvvələri ətraf yaşayış məntəqələrinə minaatanlardan və ağır silahlardan atəş açmaqda davam edir. Bu səbəbdən təhlükəsizlik qüvvələri bəzi ailələrin bölgədən təxliyəsini təmin edib.

Ordunun yeni yerləşmə planı

“SANА”-nın məlumatına əsasən, Müdafiə Nazirliyinə tabe qüvvələr ölkənin şimal və şimal-şərq bölgələrində yeni yerləşmə planını icra edir. Bu addım “QSD”-nin son dövrlərdəki təkrarlanan hücumlarına cavab kimi qiymətləndirilir.

“QSD” ittihamları rədd edir

“QSD” isə yayılan məlumatları təkzib edərək bildirib ki, Hələbdə baş verən hadisələr hökumət qüvvələrinin təxribatlarının nəticəsidir. Təşkilatın bəyanatında qeyd olunub ki, hökumətə bağlı dəstələr tank və zirehli texnikalarla yaşayış məhəllələrinə doğru irəliləməyə cəhd göstərib.

“QSD” əlavə edib ki, Əşrəfiyyə və Şeyx Məqsudda baş verən gərginlik hökumət qüvvələrinin mülki əhaliyə qarşı həyata keçirdiyi hücumların davamıdır və bu addımlar bölgədə humanitar böhranı daha da dərinləşdirə bilər.

Məhəllələrin bağlanması narazılıq doğurub

Günün əvvəlində verilən xəbərlərə görə, Hələbin sözügedən iki məhəlləsi təhlükəsizlik qüvvələri tərəfindən tamamilə mühasirəyə alınıb. Əhalinin bildirir ki, hüquq-mühafizə orqanları “məhəlləni tərk edənlərin geri dönməsinə icazə verilməyəcək” xəbərdarlığı edib.

Hazırda şəhərdə qarşıdurmalar davam edir, tərəflər arasında vəziyyətin nəzarətdən çıxma ehtimalı artır.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş