Şifa xəstəxanası iflic vəziyyətdə
Qəzza zolağının ən böyük tibbi müəssisəsi olan Şifa Xəstəxanası, aylardır davam edən bombardmanlar nəticəsində fəaliyyət qabiliyyətini itirib. Binanın divarları güllə izləri və partlayış nəticəsində yaranan dağıntılarla doludur. Yataqların çoxunda sadəcə örtük belə yoxdur, tibbi ləvazimat və dərman ehtiyatı isə tükənib.
Ağrıkəsicisiz əməliyyatlar
Avstraliyadan könüllü gələn həkimlər hər gün onlarla yaralı ilə qarşılaşdıqlarını bildirirlər.
Acil yardım mütəxəssisi Dr. Nada Əbu ƏlRub, vəziyyəti belə təsvir edir:
“Bu, soyqırımdır, kütləvi qırğındır. İnsanlar parçalanmış orqanlarla, açıq kəllə-beyin zədələri ilə gətirilir və biz çox vaxt anestezisiz əməliyyat aparırıq.”
Onun sözlərinə görə, ötən həftə qolu qopmuş hamilə qadına təcili sezaryen əməliyyatı edilib. Körpə xilas edilsə də, ana həyatını itirib.
Uşaqlar əməliyyatsız qalır
Anestezioloq Dr. Səya Əziz isə altı yaşlı uşağın sadə sınıq əməliyyatını günlərlə edə bilmədiklərini deyib:
“Çünki yeganə ortopedimiz ağır travma halları ilə məşğuldur. Hər bir neçə saatdan bir amputasiya üçün yeni xəstə gətirilir. Əməliyyat otaqlarında milçəklər uçur, çarpayılar qan içindədir. İstifadə üçün nə avadanlıq, nə də dərman qalıb.”
İsrail ordusu xəstəxanaları mühasirəyə alıb
İsrail tankları Qəzza şəhərinin mərkəzini tam mühasirəyə alıb. Zirehli texnika Rimal məhəlləsindəki Şifa Xəstəxanasına 500 metr məsafəyə qədər irəliləyib. Yerli jurnalist Fəthi Sabah, ailəsinin evə qayıdarkən tankların arasında qaldığını, ən ağır gecələrindən birini yaşadıqlarını bildirib.
Qüds Xəstəxanası oksigensiz qaldı
Fələstin Qızıl Aypara Cəmiyyəti açıqlayıb ki, Təl əl-Havadakı Qüds Xəstəxanasının oksigen stansiyası atəş nəticəsində sıradan çıxıb. Yalnız üç gün qədər oksigen balonu qalıb. Əsgərlər xəstəxananın cənub qapısını bağlayaraq giriş-çıxışı məhdudlaşdırıb.
Rantisi və St. John xəstəxanaları bağlandı
Qəzza Səhiyyə Nazirliyi, bombardman və mühasirə səbəbindən Rantisi Uşaq Xəstəxanası ilə St. John Göz Xəstəxanasının fəaliyyətini dayandırdığını açıqlayıb.
Səhiyyə infrastrukturu dağılır
İordaniya ordusu, Təl əl-Havadakı səhra xəstəxanasını bağlamaq məcburiyyətində qalıb. İordaniya dövlət agentliyi bildirib ki, intensiv bombardman nəticəsində avadanlıqlar və qurğular yararsız hala düşüb.
Dünya Səhiyyə Təşkilatı isə Fələstin Səhiyyə Yardım Assosiasiyasının Qəzzədəki əsas tibb mərkəzinin İsrail hava hücumu ilə məhv edildiyini açıqlayıb. Hadisə zamanı iki tibb işçisi yaralanıb. Bu mərkəz qan xidmətləri, travma müalicəsi və xərçəng dərmanlarının təminatını həyata keçirirdi.
Zorla köçürülmə və humanitar böhran
BMT-yə görə, döyüşlərdən əvvəl təxminən 1 milyon insanın yaşadığı Qəzza şəhərində 320 min nəfər evini tərk edib. İsrail ordusunun rəqəmləri isə bu sayın 640 mindən çox olduğunu göstərir.
İsrail əhalini cənubdakı əl-Mevasi bölgəsinə yönləndirir. Lakin BMT xəbərdarlıq edir ki, çadır düşərgələri həddən artıq sıx və antisanitar vəziyyətdədir, xəstəxanalar dəfələrlə öz tutumunu aşmış vəziyyətdədir.
Bir çox ailələr köçmək üçün minlərlə dollar ödəmək məcburiyyətində qalır, lakin əksəriyyəti bu imkandan məhrumdur. Çarəsiz insanlar saatlarla piyada yol gedərək sağ qalmağa çalışırlar.
Soyqırımın acı nəticələri
Qəzza Səhiyyə Nazirliyi bildirir ki, 7 oktyabr 2023-dən bu yana İsrailin hücumları nəticəsində 65 mindən çox fələstinli həyatını itirib.