Araşdırma: İsrailin High-Tech Sektorunda İşsizlik Artır

2 Dəq Oxuma Müddəti

High-Tech sektorunda “junior” böhranı

İsrailin Toub Sosial Siyasət Araşdırmaları Mərkəzinin yeni hesabatına görə, ölkənin high-tech sektorunda işsizlik sürətlə yüksəlir. Xüsusilə gənclər və az təcrübəli mütəxəssislər arasında vəziyyət kəskinləşib və bu, “junior böhranı” kimi xarakterizə olunur.

Tədqiqat göstərir ki, 2024-cü ildən etibarən sektorda boş iş yerlərinin sayı ciddi şəkildə azalıb. İşsizlik səviyyəsi ümumi iqtisadi göstəricini üstələyib və tendensiyanın əsas səbəbi kimi həm İsrailin davam edən müharibəsi, həm də süni intellekt texnologiyalarının sürətli tətbiqi göstərilir.

Süni intellekt iş yerlərini dəyişdirir

Araşdırmanı hazırlayan professor Gil Apşteyn qeyd edib ki, süni intellekt və avtomatlaşdırma iş bazarını köklü şəkildə dəyişdirir. Onun sözlərinə görə, bəzi ikinci dərəcəli vəzifələr azalır, mövcud vəzifələrin əməkhaqları isə yüksəlir. Bu isə xüsusi peşə hazırlığına daha çox ehtiyac yaradır.

Gender və region fərqləri

Hesabatda diqqət çəkən başqa bir məqam isə gender və region fərqlərinin dərinləşməsidir. Hitech sahəsində yəhudi kişilərin təxminən 25%-i işləyirsə, qadınlar arasında bu göstərici cəmi 12%-dir. Ultraortodoks yəhudilərdə bu göstərici 10%-dən aşağı, ərəblər arasında isə 5%-dən də azdır.

Coğrafi bölgülərə görə isə iş imkanları daha çox Təl-Əvivdə cəmlənib. Şimal bölgələrində – xüsusilə Tveriya və Safed şəhərlərində məşğulluq azalıb, Yezreel və Qüdsdə isə yalnız cüzi artım qeydə alınıb.

İqtisadiyyat üçün “sınaq anı”

Hesabatda İsrail hökumətinə hitech sektorunu qoruyub inkişaf etdirmək üçün süni intellekt inqilabından düzgün istifadə etməyi, gender və region fərqlərini azaltmaq üçün xüsusi strategiya hazırlamağı tövsiyə olunub.

Qeyd edək ki, hitech İsrail iqtisadiyyatının əsas mühərriki sayılır – ÜDM-in dörddə birini, ixracatın isə yarısından çoxunu təmin edir. Bu səbəbdən sektorun zəifləməsi ölkənin uzunmüddətli iqtisadi sabitliyi üçün ciddi təhlükə yaradır.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş