İspaniya Qəzzada İsrail Cinayətlərini Araşdıracaq

2 Dəq Oxuma Müddəti

İspaniya prokurorluğundan mühüm addım

İspaniya Baş prokuroru Qəzzada İsrail tərəfindən beynəlxalq insan hüquqları qanunlarının pozulmasına dair iddiaları araşdırmaq məqsədilə xüsusi istintaq qrupunun yaradılması barədə qərar verib.

Bu addım İnsan Haqları və Demokratik Yaddaş üzrə Baş prokurorun müraciəti əsasında atılıb. Qərara səbəb isə 2024-cü ilin iyununda Milli Polis Xidmətinin İnformasiya İdarəsi tərəfindən təqdim edilən və İsrail ordusunun Qəzzada törətdiyi mümkün cinayətləri əks etdirən hesabat olub.

Beynəlxalq əməkdaşlıq çərçivəsində araşdırma

Yeni yaradılan istintaq qrupu Milli Məhkəmənin prokuroru və İnsan Haqları üzrə prokurordan ibarət olacaq. Onlar beynəlxalq əməkdaşlıq üzrə xüsusi prokurorla birgə fəaliyyət göstərəcəklər. Məqsəd həm insan haqları sahəsində ixtisaslaşmanı təmin etmək, həm də praktik istintaq imkanlarını gücləndirməkdir.

Prokurorluğun qərarında qeyd olunub ki, bu istintaq İspaniyanın beynəlxalq öhdəlikləri ilə uzlaşır. Hazırda məsələ Haaqa Beynəlxalq Ədalət Məhkəməsi və Beynəlxalq Cinayət Məhkəməsinin prokurorluğu səviyyəsində də araşdırılır. İspaniya isə tərəf olduğu beynəlxalq müqavilələrə əsaslanaraq bu proseslərə tam dəstək verir.

Sübutların toplanması və qorunması

İspaniyanın atdığı bu addım əsasən sübutların toplanması və qorunmasını nəzərdə tutur. Toplanan məlumatlar beynəlxalq məhkəmə instansiyalarına təqdim ediləcək. BMT-nin Fələstin üzrə Müstəqil Araşdırma Komissiyası da dövlətləri Beynəlxalq Cinayət Məhkəməsi ilə əməkdaşlığa çağırmışdı.

İspaniya–İsrail münasibətlərində gərginlik

2024-cü ildə Fələstini tanıyan İspaniya ilə İsrail arasında münasibətlər son aylarda xeyli gərginləşib. Rəsmi Madrid İsrailin “Eurovision” yarışmasında iştirakına qarşı çıxıb və iştirak etməyəcəyini açıqlayıb.

Gərginlik daha da artdı: Baş nazir Pedro Sançes “Qəzzadakı soyqırımın dayandırılması” üçün yeni tədbirlər elan etdi. Bu qərarlar arasında İsraillə silah müqavilələrinin qadağan edilməsi də var.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş